Pənah Hüseyn AMİP-in fəxri lideri və Müsavat funksioneri arasındakı polemikaya münasibət bildirdi: “Etibar Məmmədovun fəaliyyəti rəhbərliyi ələ keçirmək...”
AMİP-in fəxri lideri Etibar Məmmədovun Azərbaycan Xalq Cəbhəsindən fikir ayrılığına görə çıxdığını deməsi müxalifət düşərgəsində müzakirə mövzusuna çevrilib.“1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram”, - deyə E.Məmmədov bildirib.
Müsahibənin dərc edilməsindən sonra Müsavat Partiyasının Məclis sədri Arif Hacılı deyib ki, E. Məmmədov AXC-dən ayrılanda suverenlik məsələsi artıq keçilmiş mərhələ idi. “Etibar Məmmədov AXC-ni bundan azı il yarım sonra 1991-ci ildə, bu təşkilatla bağlı planları baş tutmadıqdan sonra tərk edib”.

Rəşad Bayramov
AMİP-in Ali Məclisinin sədri Rəşad Bayramov da müzakirələrə qoşulub. “Hər kəs də bilir ki, AXC daxilində radikallar adlanan və Etibar Məmmədovun rəhbərlik etdiyi qanad AXC-nin müstəqillik uğrunda mübarizə aparmasını və sonra demokratik cəmiyyət qurulmasını, liberallar isə SSRİ daxilində demokratiya uğrunda mübarizəni və yalnız bundan sonra müstəqillik ideyasını dəstəkləyiblər. Yəni başqa sözlə desək, Etibar Məmmədovun səsləndirdiyi fikirlər bir çoxlarına yaxşı məlum olan həqiqətlərdir”.
O qeyd edib ki, Arif Hacılının birdən-birə bu fikirlərə reaksiya verməsi və faktları təkzib etməyə cəhd etməsi başa düşülən deyil: "Ortada konkret sənədlər var. Hələ 1989-cu ildə AXC-nin təsis konfransında Etibar Məmmədov müstəqilliyin nizamnamədə proqram məqsədi kimi öz əksini tapmasını və milliyətçiliyin də əsas prinsiplərdən biri olmasını təklif etmişdi. Lakin nə həmin vaxt, nə də sonra, yəni 1991-ci il qurultayında deyilən məsələlər öz əksini tapmadı. Əbülfəz bəy konkret olaraq dedi ki, müstəqillik məsələsi hələ tezdir.
İndi Arif Hacılının 20 Yanvardan sonrakı mitinqdən video yayaraq nəyisə sübut etməyə çalışması uğursuz cəhddir. Əvvəla ona görə ki, 20 Yanvardan sonra hər kəs müstəqillik haqqında danışırdı. Təbii ki, 20 Yanvardan bir neçə gün sonra hansısa mitinqdə çıxış edib, biz müstəqillik istəmirik, SSRİ qalsın deməyə heç kəsin cəsarəti çatmazdı.
İkinci bir tərəfdən isə mitinqdə danışmaq başqa şeydir, müstəqillik uğrunda mübarizəni təşkilatın əsas məqsədi olaraq proqrama salmaq başqa şeydir. Yəni mitinqdə, toplantılarda, küçədə hər kəs nəsə danışa bilər, əsas olan bunu rəsmi olaraq təsbit etməkdir. Görünən odur ki, ya Arif Hacılının təmsil olunduğu təşkilatın sənədlərindən, proqramından xəbəri yoxdur, ya da bilərəkdən faktları təkzib edir".

Pənah Hüseyn
Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş Pənah Hüseyn isə “Yeni Müsavat”a bildirib ki, Etibar Məmmədovun verdiyi müsahibədən sonra yaranmış diskussiyalardan sonra məsələyə aydınlıq gəlməsi məqsədilə sosial şəbəkədə AXC-nin 09 dekabr 1989- cu ildə keçirilmiş ümumrespublika müşavirəsinin gündəliyini paylaşıb: “İstəsəniz, həmin gündəliyə baxa bilərsiniz. Gündəliyə DQMV- də Azərbaycanın suverenliyinin bərpasında AXC-nin iştirakı və mövqeyi, respublikada yaranış ictimai-siyasi vəziyyət, AXC- nin problemləri və inkişaf istiqamətləri, Azərbaycan SSR Ali Sovetinə və yerli sovetlərə seçkilərlə əlaqədar olaraq AXC-nin vəzifələri, Azərbaycan SSR-in siyasi və iqtisadi suverenlik problemləri daxil idi”.
Pənah Hüseyn xatırlatdı ki, Azərbaycan xalq hərəkatında və Azərbaycan Xalq Cəbhəsində yaranmış problemlərlə əlaqədar olaraq həmin müşavirədə şəxsən özü məruzə ilə çıxış edib: “O zaman müzakirəyə çıxarılan birinci məsələ Azərbaycan xalq hərəkatının xarakterinin müəyyən edilməsi ilə bağlı idi. O zamankı çıxışımda da bildirmişdim ki, Azərbaycan xalq hərəkatı nə sırf demokratik, nə də sırf milli-azadlıq hərəkatı deyil. Lap əvvəldən, ilk günündən Azərbaycan xalq hərəkatı milli demokratik xarakter daşıyır. Hərəkatın ali məqsədi müstəqil Azərbaycan dövlətinin yaradılması və eyni zamanda həmin müstəqil və suveren Azərbaycan dövlətini demokratik cəmiyyət şəklində görməkdir. Azərbaycan xalq hərəkatının guya sonradan milli-azadlıq mərhələsinə daxil olması haqındakı tezisi biz o zaman da yanlış hesab etmişdik. Hərəkatımız əvvəlcədən milli müstəqillik, milli-azadlıq xarakterini özündə daşıyıb.
Müşavirə materialları, o cümlədən məruzəmin tam mətni və məruzə ətrafında çıxışların stenoqrafiyası Yunus Oğuz tərəfindən 1989-cu ilin dekabrın sonunda “samizdat” “Dirçəliş” nəşriyyatında çap edilib yayılmışdı. Bundan əlavə, müşavirənin audioyazısı da saxlanır".
Pənah Hüseyn xatırlatdı ki, AXC rəhbərliyində 1989-cu ilin payızında ziddiyyətlər güclənərək kəskin ideoloji və təşkilati böhrana keçmişdi: “Görünür, Etibar Məmmədov son müsahibəsində bunu demək istəyib. Etibar Məmmədov xalq hərəkatının milli-azadlıq mərhələsinə daxil olduğunu irəli sürərək bu mərhələyə müvafiq proqram və nizamnamə qəbul edilməsi və yeni rəhbərlik seçilməsi tələbi ilə çıxış etmişdi. Lakin idarə heyətinin əksəriyyəti onun fəaliyyətini AXC-də rəhbərliyi ələ keçirmək niyyəti kimi dəyərləndirdi və bunu Azərbaycan SSR Ali Sovetinə yaxınlaşan seçkilərlə əlaqələndirdi. Etibar Məmmədovun fəaliyyətinin AXC-də rəhbərliyi ələ keçirməyə xidmət edib-etmədiyi barədə sualınızı isə Etibar Məmmədov cavablandıra bilər”.