Bakı, 12 mart, AZƏRTAC
2025-ci ilin yanvar-fevral aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 545 nəfər cəlb edilib, onlardan 17-18 yaşadək -1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26-29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-si qadın olub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşından 8-i İran İslam Respublikası, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202 kiloqram 081,647 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 38 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 429 kiloqram 905,233 qram və 2074 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlər 39 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 455 kiloqram 780,203 qram maddə müsadirə edilib. 205 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 406 kiloqram 734,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.