Gərginliyi ilə yadda qalan “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının yekununda qələbəyə sevinən tərəf qonaqlar oldu – 3:1.
Hesabda 1:2 geridə olan naxçıvanlılar bərabərlik qolunu vurmaq üçün irəli atılan dəqiqələrdə əks-hücumun davamında üçüncü topu buraxdı.
Topla irəliləyən Emmanuel Addainin əlverişli mövqedə olan Musa Qurbanlıya ötürmə edəcəyi gözlənilsə də, “11 nömrə” özü zərbə vurmaq qərarına gəldi və top yolüstü Elçin Mustafayevə dəyib Kristian Avramın qoruduğu qapıdan keçdi.
Addai Sportinfo.az-a verdiyi açıqlamada Musaya ötürmə etməməsinə qısa, lakin maraqlı şərh verib:
“Açığı, qol vurmaq üçün alışıb-yanırdım. İstəyirəm “Qarabağ”a daha çox fayda verim, həm də ayaqlarımın “pası” açılsın.
Ona görə də Musaya ötürmə etmədən topa özüm zərbə vurdum”.
23 yaşlı yarımmüdafiəçi cari Premyer Liqa mövsümündə meydana çıxdığı 19 görüşdə 3 qol vurub, 1 qolun ötürməsini verib.
HƏBİB