EN

Elnurə Məmmədova da Avropa çempionu oldu

Azərbaycanın daha bir qadın güləşçisi – Elnurə Məmmədova da Albaniyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında təşkil olunmuş U-23 Avropa çempionatı davam edir.

Bu gün qadın güləşi üzrə son medalçılar müəyyənləşiblər.

Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9.

Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla qalib gələn Elnurə Avropa çempionu olub.

Ruzanna Məmmədova (65 kq) isə bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.

Xatırladaq ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) da Avropa çempionatında qızıl medala sahib çıxmışdı.

Chosen
29
13
arena.az

10Sources