EN

Biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk

Martın 13-də «Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi» mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başlayır

Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizin dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili», 2017-ci ilin «İslam Həmrəyliyi ili» elan edilməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev bildirir ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub.

Martın 13-dən 15-dək tarixlərində Bakı şəhərində «Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi» mövzusunda XII Qlobal Bakı Forumu keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 400-ə yaxın xarici qonağın iştirakı nəzərdə tutulur. Hər il keçirilən Forumun müzakirə üçün seçilən mövzusuna diqqət yetirdikdə hazırkı dövrün əsas çağırışının nədən ibarət olduğu açıqlanır. Ötən ilin martında «Parçalanmış dünyanın bərpası» mövzusunda XI Qlobal Bakı Forumu keçirildi. 2023-cü ildə keçirilən X Qlobal Bakı Forumu isə «Dünya bu gün: Çağırışlar və ümidlər» mövzusuna həsr edilmişdi.

Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran, mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı forumlarına maraq ildən-ilə artmaqdadır. Bu, tədbirə qatılan qonaqların, eyni zamanda, onların təmsil etdikləri ölkələrin sayında özünün aydın ifadəsini tapır. Bu kimi tədbirlər həqiqətlərimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında öz sözünü deyir. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Dövlət başçısının vurğuladığı kimi, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə edilənlərlə bu gün müzakirə olunanları müqayisə etsək nəzərəçarpan dəyişiklikləri görərik.

Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamıl töhfələr verən ölkə kimi nüfuz qazanması keçirilən forumlarda xüsusi qeyd edilir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı forumları müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformalardır.

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tolerant, multikultural ölkə olaraq möhkəmlənən mövqeyini bir daha təsdiqlədi. Ölkəmizdə yaşayan xalqların, millətlərin nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsində böyük fədakarlıq nümayiş etdirdilər. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra “Xarıbülbül” musiqi festivalının keçirilməsi ənənəsi bərpa ediləndə ilk tədbir Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etdi. Dövlət başçısı İlham Əliyev 2021-ci ildə keçirilən “Xarıbülbül” musiqi festivalının açılış mərasimindəki çıxışında “Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır» söyləyərək onu da əlavə etdi ki, Vətən müharibəsi Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşadığını bir daha göstərdi. Ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Şuşadan, qədim torpağımızdan dünyaya bu mesaj çatdırıldı- Ölkələr belə inkişaf etməlidir. Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirir. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Cənab İlham Əliyev hər zaman çıxışlarında multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu əsaslı şəkildə diqqətə çatdırır. «Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar» fikirləri ilə Azərbaycanın tolerant ölkə olduğunu və bunun möhkəm təmələ əsaslandığını nümayiş etdirir.

Bu fakt inkaredilməzdir ki, dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanların, eləcə də dövlətlərin, dinlər və millətlər arasında tolerant, multikultural dəyərlərin inkişaf etdirilməsinə, qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birilərinə qarşı dözümsüzlük durur. Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi, tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış forması kimi qəbul olunması ölkəmizin son illərdə bu sahədə gördüyü mühüm işlərin nəticəsidir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə keçirilən çoxsaylı tədbirlərdə multikulturalizm, müxtəlif xalqların birgəyaşayışı təbliğ edildi.

Onu da qeyd edək ki, multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır. Fond Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Ötən il isə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı Şuşa bu şərəfli adı daşıdı. Bütün bu addımlar Azərbaycanın İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyətinin təqdimatlarıdır. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəniyyət tədbirləri keçirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa şəhərinin ötən il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi əlavə imkan verdi ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin, həm də dünya ictimaiyyətinə çatdıraq. Bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.

Azərbaycanın 2015-ci ildə İlk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi də özündə mühüm məqamları ehtiva etdi. Hər iki tədbir İslam həmrəyliyinin gücləndirilməsində, Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin davamlılığında əhəmiyyətli rol oynadı. Azərbaycan bu tədbirlər vasitəsilə bir daha dünyaya dostluq, həmnrəylik, əməkdaşlıq mesajlarını ünvanladı. İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycan özünəməxsus mövqeyini möhkəmləndirmək üçün bütün zəruri addımların atılmasına səy göstərir.

Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizin ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü roluna davamlı olaraq yeni əlavələr edir. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin ev sahibliyi etdiyi, yaxud qonaq kimi qatıldığı tədbirlərə diqqət yetirsək Azərbaycanın əməkdaşlıq məkanı kimi nüfuz qazandığı söylənilən fikirlərdə əsaslı şəkildə önə çəkilir. Qürurverici hadisələrdən biri budur ki, son dörd ildən artıqdır birlik, həmrəylik, əməkdaşlıq mesajları paytaxt Bakı ilə yanaşı, Qarabağdan, Şərqi Zəngəzurdan, Azərbaycanın döyünən ürəyi olan Şuşadan da səsləndirilir. Cənab İlham Əliyev ötən ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində qələbəsindən sonra andiçmə mərasimində xarici siyasət uğurlarımızın fonunda qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.»

Artıq COP29 tədbiri arxada qalıb. Bu gün Bakı nailiyyətinin vəd etiyi uğurlar geniş müzakirə edilir. Azərbaycan iqlim diplomatiyasında dönüş nöqtəsinin əldə edilməsinə müvəffəq oldu. Ölkəmiz bu mötəbər tədbirə ev sahibliyi ilə çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha təsdiqlədi.

Bütün bu qeyd etdiklərimizin fonunda böyük əminliklə bildiririk ki, Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir. Ölkəmizə beynəlxalq baxış belə bir ümumiləşdirməyə də əsas verir ki, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği uğurlarımızda əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyev ilk gündən bu çağırışı etmişdir ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək istəyiriksə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar vahid ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir. Tariximizin, dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi azərbaycançılığın əsasıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin davamçıları bu müsbət meyilləri daha da gücləndirir. Azərbaycanda bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki hamımız bir amal uğrunda birləşmişik. Şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur: “Bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur.»

Builki Forum üçün seçilən «Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi» mövzusu özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında yeni dünya nizamının formalaşdığını bildirir. «İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq» söyləyən cənab İlham Əliyev bildirir ki, İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir: «Məsələn, biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır.»

Ölkə Prezidenti İlham Əliyevin bu ilin 7 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində jurnalistin «Yeni dünya nizamının formalaşmasının başlanğıcındayıq. Bilmək istərdik, bu nizamın Cənubi Qafqaza mümkün təsirləri nə ola bilər və Azərbaycan hansı ssenarilərə hazırlaşır» sualına cavabını yada salmaq istərdik. Dövlət başçısı İlham Əliyev bildirdi ki, əslində, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir: «Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk… Mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq.»

Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul etdi. Görüşdə Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirak edəcəyi önə çəkilərək vurğlandı ki, tədbir çərçivəsində qlobal aktual problemlərə, bu xüsusda çoxtərəfli diplomatiya və çoxqütblü dünya, BMT-nin gələcək üçün paktı, yeni dünya düzəninin formalaşdırılması, orta güclər və onların yeni dünya düzənində rolu, postmünaqişə dövründə bərpa-quruculuq işləri və bu kimi digər vacib mövzulara həsr edilən panel və müzakirələr keçiriləcək.

Yeganə Əliyeva, «İki sahil»

Chosen
40
ikisahil.az

1Sources