EN

Bolqarıstan Orta Dəhliz çərçivəsində dəmir yolu şəbəkəsinə investisiya yatırır – Rosen Plevneliyev

Bolqarıstan Orta Dəhliz çərçivəsində dəmir yolu şəbəkəsinin inkişafına 1,8 milyard ABŞ dolları investisiya yatırır.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev bildirib.

"Biz müasir Bakı limanını Avropa ilə birləşdirmək üçün dəmir yolu şəbəkəmizə 1,8 milyard dollar yatırırıq. Çindən gələn yüklər Bakıya çatdırılacaq, daha sonra Bakı–Qars dəmir yolu ilə, ardınca Türkiyə üzərindən və Bolqarıstan ərazisindən keçərək Serbiya sərhədinə qədər daşınacaq. Beləliklə, bir neçə il ərzində Bakıdan Avropanın mərkəzinə qədər uzanan müasir dəmir yolu bağlantısı formalaşacaq və bu, Orta Dəhliz marşrutu üzrə Çindən Avropaya yük daşımalarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq", – deyə Plevneliyev bildirib.

O vurğulayıb ki, Azərbaycan yeni strateji layihələrin icrasına yönəlib və bu layihələr böyük nəticələr verəcək.

"Bundan əlavə, Cənub Qaz Dəhlizi genişləndirilir və Avropaya, o cümlədən Bolqarıstana daha çox qaz tədarük edəcək. Bolqarıstan Rumıniya, Serbiya və Yunanıstanla yeni qaz interkonnektorlarının qurulmasında mərkəz rolunu oynayacaq və bunun sayəsində Azərbaycan qazı Mərkəzi və Şərqi Avropaya, hətta Ukraynaya qədər çatdırılacaq. Bu istiqamətdə konkret razılaşmalarımız var", – deyə sabiq prezident qeyd edib.

O həmçinin Bolqarıstanın Xəzər dənizi və Azərbaycanı Avropa ilə birləşdirəcək yeni “yaşıl” enerji dəhlizinin bir hissəsi olduğunu bildirib.

"Bu layihə milyardlarla investisiyanın cəlb olunmasına səbəb olacaq və ikitərəfli ticarət dövriyyəsini artıracaq. Artıq biz Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Gürcüstan və digər ölkələr üçün Cənub Qaz Dəhlizi qədər vacib olan “yaşıl” enerji dəhlizindən danışırıq", – deyə o əlavə edib.

Bundan başqa, Plevneliyev Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf üçün əhəmiyyətini yüksək qiymətləndirib.

"Qlobal Bakı Forumu çoxsaylı hazırkı dövlət və hökumət başçılarını bir araya gətirəcək. Bundan əlavə, tədbirdə dünyanın müxtəlif ölkələrindən, demək olar ki, bütün qitələri təmsil edən ən azı 60 keçmiş dövlət və hökumət başçısı iştirak edəcək. Bu, forumun uğurlu olması üçün mühüm amildir, çünki o, inklüziv platformadır. Burada Çin, Avropa, ABŞ, Mərkəzi Asiya və Afrika nümayəndələri iştirak edir – yəni qlobal məsələlərdə əsas oyunçular bir araya gələcək. Biz hər kəsi dinləyəcəyik, arqumentləri nəzərdən keçirəcəyik və uzunmüddətli perspektivdə dayanıqlı həll yolları axtaracağıq. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mirası sayəsində etmək mümkündür", – deyə o vurğulayıb.

Plevneliyev əlavə edib ki, forum Azərbaycanın sədrliyi ilə keçirilən COP29-un nəticələrini də nəzərə alacaq.

"Mən çətin danışıqların şahidi oldum, lakin biz tarixi əhəmiyyətə malik nəticələr əldə etməyə nail olduq. İndi biz COP30-a doğru irəliləməliyik. Bundan başqa, forum çərçivəsində yeni texnologiyalar, süni intellektin tənzimlənməsi və gənc liderlərin qlobal çağırışların həllində iştirakı müzakirə olunacaq. Burada çox sayda gənc lider iştirak edəcək. Biz texnologiyaların inkişafı, süni intellektin və digər qabaqcıl texnologiyaların daha yaxşı tənzimlənməsi üçün konkret addımları və həll yollarını müzakirə edəcəyik. Bu, olduqca maraqlı bir tədbir olacaq", – deyə o bildirib.

Chosen
5
2
ikisahil.az

3Sources