Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib.
 İbrahim İbrahimov Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) növbəti hesabat-seçki iclasında səsvermədən sonra yeni sədri seçilib.
İbrahim İbrahimov karyerası boyunca müxtəlif sektorlarda - qeyri-hökumət təşkilatları, dövlət qurumları və özəl şirkətlərdə fəaliyyət göstərib. O, təşkilati inkişaf, performans menecmenti, elektron təlim sistemlərinin (LMS) tətbiqi, işə qəbul və kadr inkişafı kimi sahələrdə mütəxəssisdir. Yeni sədr Avrora Şirkətlər Qrupu, PMD Hospitality, PASHA Management Company, Azercell Telecom LLC və Azərşəkər MMC kimi nüfuzlu təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb və insan resursları sahəsində mühüm təşəbbüslərə rəhbərlik edib.
İbrahim İbrahimov Bakı Ali Neft Məktəbindən MBA (Biznesin İdarəedilməsi üzrə Magistr), Qafqaz Universitetindən isə Dövlət İdarəçiliyi üzrə bakalavr dərəcəsinə malikdir. O, həmçinin Strateji İnsan Resursları Lideri (Certified Strategic HR Leader-AİHR) sertifikatına sahibdir və "III Yüksəliş Müsabiqəsi"nin finalçısıdır.
Qeyd edək ki, AİRA 2018-ci ildən aktiv fəaliyyət göstərir və COVİD-19 pandemiyası dövründə, eləcə də post-pandemiya mərhələsində onlayn və sinif formatında müxtəlif görüşlər və layihələr həyata keçirib. Bu müddət ərzində HR Debat, HR Digital, HR trendlər, HR ensiklopediya, gənclərlə iş, könüllülük, insan resurslarının idarəedilməsi sahəsində maarifləndirmə, xeyriyyə aksiyaları, əmək münasibətlərində mediasiyanın rolu, sosial çağırışlar və qadınların rolu mövzularında bir sıra tədbirlər və təlimlər təşkil edilib. Post-pandemiya dövründə isə təşkilat insan resursları, performans menecmenti və süni intellektin insan resursları sahəsində tətbiqi istiqamətlərində maarifləndirici təlimlərini davam etdirib.