EN

Türk Qızıl Aypara qrupları İdlibdə yardım paketləri paylayıb

BAKI, TurkicWorld

Türk Qızıl Aypara qrupları Suriyanın İdlib şəhərində əlillər üçün düşərgələrdə yaşayan insanlara yardım paylayıb və yetim uşaqlarla iftar süfrəsində bir araya gəlib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Fatma Meriç Yılmaz yardım könüllüləri ilə birlikdə Suriyanın şimal-qərbindəki İdlib şəhərində yerləşən Əl-Şami Əlillər Düşərgəsindəki uşaqları ziyarət edib, onlara oyuncaqlar hədiyyə edib.

Türk Qızıl Aypara donorlarının dəstəyi ilə tikilən və 1288 briket evdən ibarət olan Atasay kəndində yardım paylamalarından sonra mətbuata açıqlama verən Yılmaz bildirib ki, təşkilat üç ildir bu bölgədə 4 milyon insana dəstək göstərir.

Yılmaz qeyd edib ki, bu evlərdə yaşayan ailələr dəfələrlə köç etməyə məcbur qalıblar. O vurğulayıb ki, Türk Qızıl Aypara Cəmiyyəti bölgədə həftəlik süd, yumurta, gigiyena məhsulları kimi əsas ehtiyacları təmin edir.

Qızıl Ayparanın beynəlxalq əməkdaşlıq çərçivəsində Suriya Qızıl Aypara Cəmiyyəti ilə birgə fəaliyyət göstərdiyini bildirən Yılmaz,
"Qızıl Aypara, Qızıl Xaç Federasiyası, hər bir ölkənin bir cəmiyyəti var və birlikdə çalışır. Onların çata bilmədikləri yerlərə yardımın çatdırılması üçün Suriya Qızıl Aypara ilə əməkdaşlığa başladıq. Bu bizi daha da gücləndirir. Suriyanın xalqı çox əziyyət çəkdi, lakin inanırıq ki, onlar yenidən ayağa qalxacaq və Türkiyə ilə qardaş ölkə olaraq yollarına davam edəcəklər." - deyə əlavə edib.

Yardım paketləri ailələrə paylandıqdan sonra Yılmaz İdlib Logistika Mərkəzindəki çörək sexinə baş çəkib və oradakı fəaliyyətlə tanış olub. Daha sonra yetim düşərgələrində qalan uşaqlarla iftar açıb.

"Ramazan həmrəylik, paylaşma və bolluq ayıdır. Türk Qızıl Aypara olaraq Türkiyənin hər yerində iftar süfrələrində insanlarla bir araya gəlməyə çalışırıq," – deyə Yılmaz bildirib.

Son 13 ildə Suriyanın şimalında 4 milyon insana çörək, geyim və psixososial dəstək verildiyini vurğulayan Yılmaz, bu süfrədə iftar açan uşaqların Suriyanın gələcəyi olduğunu söyləyib.

"Uşaqların üzləri gülür, çünki Qızıl Aypara könüllüləri gələndə onlarla oyun oynayacaqlarını bilirlər. Bu gün onlarla iftar etdiyimiz üçün çox sevindik," – deyə o əlavə edib.

Chosen
21
turkic.world

1Sources