EN

Sabah Ay tutulması olacaq

Mart ayının 14-də cari ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma tam Ay tutulması olacaq.

Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.

Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 50 fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir. Bu zaman Ay tutulması baş verir. Ay tutulmasının müddəti Günəş tutulmasından uzun olur. Çünki Yerin kölgəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulmasının üç növü var: Tam, qismən və yarımkölgəli Ay tutulması. Tam Ay tutulması zamanı Ay tamamilə Yerin kölgəsinə keçir. Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın diskini bütövlükdə örtmür. Yarımkölgəli Ay tutulması zamanı isə Ayın diski sadəcə Yerin yarımkölgəsinə keçə bilir, yəni onun zəif xarici kölgə hissəsindən keçir. Ay azacıq tündləşir ki, bunu da fərq etmək çətin olur.

Tam Ay tutulması zamanı Günəş işığının bir hissəsi Yer atmosferindən keçərək sınır və Ayın səthinə çatır. Atmosferdəki hava molekulları və toz hissəcikləri qısa dalğa uzunluğuna malik olan mavi və bənövşəyi işığı daha çox səpir, uzun dalğalı qırmızı və narıncı işıq isə atmosferdən keçərək Ayın səthinə düşür. Nəticədə, Ay qırmızımtıl və ya mis rəngində görünür.

Qeyd edək ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.

Chosen
21
29
apa.az

10Sources