Məleykə Məmmədova: Bu bayramın dövlət səviyyəsində qeyd edilməsi milli kimliyin qorunması və mədəni irsin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir
Novruz bayramı yalnız Azərbaycanın deyil, bir çox türk xalqlarının və ümumilikdə bəşəriyyətin qədim və dərin köklərə malik olan ən mühüm bayramlarından biridir. Bu bayram təbiətin yenilənməsi, həyatın başlanğıcı və baharın gəlişi ilə əlaqələndirilir. Novruz, həm də bir çox mədəniyyətlərdə və cəmiyyətlərdə azadlıq, dirçəliş və birlik rəmzi kimi qəbul edilir. Azərbaycanın özünəməxsus Novruz ənənələri, bu bayramın həm mədəni, həm də mənəvi əhəmiyyətini daha da möhkəmləndirir.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “İki sahil” qəzetinə müsahibəsində Novruzun qədim kökləri, onun folklor və mədəniyyətlə bağlı dərin mənaları, həmçinin müasir dövrdə bu bayramın qorunması və təbliği ilə bağlı fikirlərini bölüşdü. O, həmçinin Novruzun tarixi və mədəni əhəmiyyətini, bu bayramın xalq arasında necə yaşadıldığını və gələcək nəsillərə necə ötürülməsi gərəkliyini ətraflı şəkildə izah etdi.
- Məleykə xanım, Novruz bayramı hansı qədim tarixi köklərə dayanır?
- Novruz bayramı qədim türk xalqlarının inancları və həyat tərzi ilə sıx bağlı olan gözəl bir bayramdır. Türklərin köçəri və təbiətlə vəhdətdə yaşayan toplumlar kimi, baharın gəlişini yeni həyatın başlanğıcı kimi qeyd etmələri bu bayramın əsas mahiyyətini təşkil edir. Qədim türklər Novruzu Tanrıçılıq inancına əsaslanaraq təbiətin yenidən doğuluşu, günəşin gücünün artması və həyatın yenilənməsi ilə əlaqələndirirdilər. Göytürklər dövründə Novruz əsas bayramlardan biri sayılırdı. Ergenekon dastanına görə, uzun illər dar bir vadidə məskunlaşan türklər baharın gəlişi ilə birlikdə dəmir dağın əridilməsi nəticəsində azadlığa çıxmış və yeni bir həyat başlamışdır. Bu mifoloji hadisə Novruzun türklər üçün azadlıq, dirçəliş və birlik rəmzi olduğunu göstərir. Bundan əlavə, Orta Asiya türk xalqlarında Novruz ayinləri qədimdən bəri mövcuddur. Qədim türklər üçün Günəş və Ay xüsusi əhəmiyyət kəsb edirdi və baharın gəlişi ilə Günəşin qələbəsi simvolik olaraq qeyd olunurdu. Novruzun əsas atributlarından biri olan tonqal da məhz bu inancdan qaynaqlanır. O, Günəşin və işığın rəmzi kimi qəbul edilirdi. Bu faktlar göstərir ki, Novruz bayramının kökləri türklərin qədim inancları və mifologiyası ilə bağlıdır və bu bayram onların mədəni irsinin ayrılmaz bir hissəsidir.
- Novruz bayramının mahiyyəti haqqında müxtəlif mülahizələr mövcuddur. Siz bu barədə nə deyə bilərsiniz?
- Novruzun mahiyyəti ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəzi alimlər onu qədim türk inancları ilə, bəzi folklorçular və etnoqraflar isə ümumiyyətlə, bəşəriyyətin kollektiv mədəni yaddaşı ilə əlaqələndirirlər.
Türk mifologiyası baxımından Novruz Göytürklərin Ergenekondan çıxışı ilə əlaqələndirilir. Dastanlara görə, uzun illər dar bir vadidə qalan türk tayfaları bahar aylarında bu ərazidən çıxmış və yeni bir başlanğıc əldə etmişlər.
İslam sonrası dövrdə dinimizin yayılması ilə Novruz yeni dini elementlərlə zənginləşmişdir. Xüsusilə, sufi təsəvvüfündə Novruz kainatın yenilənməsi, ilahi təcəlli və insanın mənəvi oyanışı kimi yozulurdu. Azərbaycan və Anadolu bölgələrində Novruzun müqəddəs günlərdən biri hesab edilməsi və dini ayinlərlə müşayiət olunması buna misaldır.
- Keçmişdən günümüzə qədər Novruzun əsas personajları hansılardır və onların yaranma tarixi necə izah olunur?
- Novruz personajları müxtəlif mədəniyyətlərdə fərqli formalarda təzahür etmişdir. Azərbaycanda və Türk xalqlarında Novruzun ən məşhur personajları olan Kosa və Keçəl Novruz tamaşalarının baş qəhrəmanlarıdır. Kosa bolluq və məhsuldarlıq rəmzi, Keçəl isə kasıbçılıq, qıtlıq və quraqlıq simvoludur. Onların dialoqları və zarafatları vasitəsilə qışla yazın mübarizəsi simvolik şəkildə əks olunur. Bu personajlar xalq arasında formalaşmış və folklor ənənələri çərçivəsində inkişaf etmişdir. Onların yaranma tarixi isə əslində Novruzun arxaik dövrlərdə icra edilən mərasimlərdən qaynaqlandığını göstərir.
Novruzun ən ənənəvi personajlarından olan Kosa yuxarıda qeyd etdiyim kimi, bolluq, məhsuldarlıq, yazın gəlişi və yeni həyatın başlanğıcını təmsil edir. Üzündə saqqal olmayan və ya keçi saqqalı taxan bir obrazdır. Bəzən əyinində heyvan dərisi və ya rəngarəng geyimlər olur. Kosa qışın qurtardığını, baharın gəldiyini xəbər verir və Novruz şənliklərində əsas komik obrazlardan biridir. Bu obrazın tarixinə gəldikdə isə, qədim türk şamanizmi – türk xalqlarında məhsuldarlıq və bərəkət ayinlərində Kosa obrazına bənzər fiqurlar var idi.
Keçəl obrazı isə, qıtlıq, yoxsulluq və qışın sərtliyini simvolizə edir. Saçsız və ya qırxılmış başı, bəzən qamçı və ya taxta ilə Kosaya sataşan, onu məsxərəyə qoyan komik personajdır. Keçəl Kosanın ziddiyətidir – qıtlıq bolluğa qarşı, qış yazın gəlişinə qarşıdır. Keçəl Kosanın yeməyini və sərvətini ələ keçirməyə çalışır, amma sonda məğlub olur. Bu, qışın bitməsi və baharın qələbəsi kimi yozulur. Keçəl və Kosa oyunları qədim Azərbaycan və Orta Asiya xalq tamaşalarında yer alırdı.
- Məleykə xanım, Novruzun hansı adət-ənənələri zamanla dəyişib və müasir dövrdə bu ənənələri qorumaq üçün nə etmək olar?
- Novruz bayramının bir çox adət-ənənələri bu gün də yaşamaqdadır. Lakin müasir dövrdə, xüsusilə şəhər həyatının təsiri ilə bəzi ənənələrin icrası əvvəlki qədər geniş yayılmır. Müasir həyat tərzində baş verən dəyişikliklər bu adətlərin tətbiqinə müəyyən dərəcədə təsir göstərmişdir. Xüsusilə gənclər əyləncə mərkəzlərinə, kinoteatrlara üstünlük verməyə, texnoloji oyunlarla daha çox vaxt keçirməyə meyillidirlər. Bununla belə, Novruz adətlərinin icrası tamamilə yox olmamış, əsasən uşaqlar tərəfindən davam etdirilməkdədir. Əvvəllər gənclərin daha aktiv iştirak etdiyi "papaq atmaq", "bacadan torba və ya şal sallamaq" kimi adətlər zamanla dəyişikliklərə uğramışdır. Şəhərlərdə evlərin memarlıq quruluşunun dəyişməsi nəticəsində bacadan şal sallamaq adəti demək olar ki, unudulmuşdur. Onun əvəzinə papaq atmaq adəti daha geniş yayılmışdır və əsasən məhəllə uşaqları tərəfindən icra olunur. Tonqal üzərindən atlanma mərasimi isə qismən qorunub saxlanmışdır, lakin bu adətə daha çox uşaqlar maraq göstərir, gənclərin iştirakı isə nisbətən azalmışdır. Bundan əlavə, Novruzun mühüm rituallarından biri olan fala baxmaq, xüsusilə "qulaq falına çıxmaq" adəti əvvəlki dövrlərlə müqayisədə azalmışdır. Əvvəllər gənc qızlar bu rituala daha çox maraq göstərirdilərsə, bu gün bu ənənə yalnız bəzi bölgələrdə yaşadılmaqdadır. Həmçinin əvvəllər böyüklərin də qoşulduğu “Yumurta döyüşdürmə” oyunları və “Yumurta qatarı” indi sadəcə balaca uşaqlar tərəfindən həyata keçirilir. Bayram ərəfəsində oynanılan "Bənövşə", "Ənzəli", "Papaq ələ keçirmə", "Dirədöymə", "Fındıq", "Qoz", "Aşıq" və digər ənənəvi oyunlar isə artıq demək olar ki, oynanılmır.
Bu adətlərin gələcək nəsillərə ötürülməsi və qorunması üçün bir sıra tədbirlər görülə bilər. Folklor festivallarının təşkili, məktəblərdə Novruz ənənələrinin tədrisi və media vasitəsilə geniş maarifləndirmə işlərinin aparılması bu irsin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Novruz oyunları və rituallarının səhnələşdirilməsi, eləcə də turizm potensialının artırılması yolu ilə bu adətlərin cəmiyyət arasında yenidən populyarlaşdırılması mümkün ola bilər.
- Azərbaycan dövlətinin Novruz bayramının yüksək səviyyədə qeyd edilməsi və təbliğ olunması istiqamətindəki siyasətini necə qiymətləndirirsiniz?
- Azərbaycan dövləti Novruz bayramına xüsusi önəm verir və bu bayramın dövlət səviyyəsində qeyd edilməsi milli kimliyin qorunması və mədəni irsin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda, 2010-cu ildə BMT Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Bu, Novruzun yalnız regional deyil, həm də qlobal səviyyədə əhəmiyyətini vurğulayır.
Respublika səviyyəsində tədbirlərə gəlincə, hər il Novruzla bağlı rəsmi dövlət tədbirləri keçirilir, Prezident bayram münasibətilə xalqı təb rik edir. Novruz bayramı təkcə rəsmi tədbir kimi deyil, həm də teatr, kino və digər sənət sahələrində təbliğ edilir. Bütün bunlardan əlavə son illərdə Novruz festivalı çərçivəsində ölkəyə turist axınının artırılması üçün müxtəlif təşəbbüslər həyata keçirilir.
Ümumiyyətlə, Novruz bayramı ilə bağlı həyata keçirilən dövlət siyasəti milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Bununla yanaşı, daha geniş miqyasda beynəlxalq səviyyədə tanıtım işlərinin aparılması və regionlarda Novruz ənənələrinin qorunması üçün əlavə layihələrin həyata keçirilməsi də faydalı olardı. Çünki Novruz bayramı təkcə bir xalq bayramı deyil, həm də mədəniyyətin, tarixin və milli kimliyin mühüm bir hissəsidir. Onun mənşəyi qədim inanclara və folklor ənənələrinə dayanır. Müasir dövrdə isə bu adətlərin yaşadılması və qorunması üçün müxtəlif sosial və mədəni təşəbbüslər həyata keçirilməlidir.
- Maraqlı müsahibəyə görə çox sağ olun.
Nigar Orucova, “İki sahil”