EN

AMEA-da “Azərbaycan ərazisi (1918-2025)” monoqrafiyasının təqdimat mərasimi keçirilib

AMEA-nın Rəyasət Heyətində Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin “Azərbaycan ərazisi (1918-2025)” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, nəşrin müəllifləri Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, AR Milli Məclisin üzvləri, elmi ictimaiyyətin, Hərbi prokurorluğun nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqları salamlayaraq, onları Akademiyada görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, yüksək səviyyədə hazırlanmış nəşrin təqdimatının “Konstitusiya və Suverenlik İli”ndə baş tutması olduqca əlamətdardır və eyni zamanda AMEA-nın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş böyük tədbiridir.
AMEA rəhbəri bildirib ki, suverenlik tam ərazi bütövlüyünü ehtiva edən anlayışdır və Azərbaycan dövlətinin ərazisi də Ali Baş Komandan İlham Əliyevin liderliyində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə tam bərpa olunmuş, Azərbaycan dövləti 30 ilə yaxın bir müddət sonra tam suverenliyinə qovuşmuşdur.
Təqdimatı keçirilən nəşrin məziyyətlərinə toxunan akademik İsa Həbibbəyli kitabda nəşrin müəlliflərinin iki istiqaməti, həm tarix, həm də hüquqi aspektlərə toxunduqlarını, Azərbaycanın və qonşu ölkələrin arxiv sənədləri əsasında fundamental monoqrafik əsər ortaya qoyduqlarını, tarixi hadisələrin obyektiv elmi mənzərəsini yaratdıqılarını bildirib.
Diqqətə çatdırıb ki, təqdim olunan tədqiqat işində tarix elmləri doktoru, dosent Vasif Qafarov tərəfindən tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsi, soydaşlarımızın Qərbi Azərbaycandan sürgün edilməsi danılmaz faktlarla oxuculara çatdırılır. Həmçinin vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ermənilərin ərazi iddialarına qarşı hələ SSRİ dövründə apardığı böyük mübarizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qazanılan tarixi Zəfər faktlarla meydana qoyulur.
Akademik İsa Həbibbəyli nəşrdə Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən isə baş verən tarixi hadisələrin hüquqi aspektlərinə toxunulduğunu və faktlara hüquqi-siyasi qiymətin verildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli 1918-2025-ci ilin tarixi mənzərəsini əks etdirən bu nəşrin Azərbaycan tarixşünaslığına mühüm töhfə olduğunu, dövlət başçısının elan etdiyi Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə səsləşdiyini bildirib, kitabın humanitar və ictimai elmlərin mütəxəssisləri üçün mötəbər elmi mənbə olacağını vurğulayıb.
Daha sonra kitabın müəllifləri Vasif Qafarov və Xanlar Vəliyev geniş məruzə ilə çıxış edərək ərsəyə gətirdikləri elmi əsəri ictimaiyyətə təqdim ediblər.
Müəlliflər müasir müstəqil Azərbaycanın mövcudluğunun səbəbkarının Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulamaqla, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin dühası və qətiyyəti, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və qayğısı, xalqımızın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən söz açıblar. Bildirilib ki, bütün bunlar təqdimatı keçirilən kitabda da öz əksini tapıb. Bu kitabda Azərbaycanın tarixi ərazisinin ümumi mənzərəsinə nəzər salınıb, Azərbaycan Cümhuriyyətinin (1918-1920) ərazisi, onun ümumi sahəsi və sərhədlərinin əhatəsi öyrənilib. Kitabda 1920-ci ilin aprel işğalından sonrakı sovet dövründə Azərbaycan SSR ərazilərinin Ermənistana verilməsi prosesi konkret faktlar və dövrün ilkin arxiv sənədləri əsasında araşdırılıb. Monoqrafiyada Azərbaycan Cümhuriyyətinin 114 min kvadratkilometr ərazisinin Azərbaycan SSR dövründə 86,6 min kvadratkilometrə endirilməsi və Azərbaycanın ərazisinin xalqın iradəsinə zidd olaraq onun əlindən alınması prosesinin obyektiv mənzərəsi yaradılıb.
Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev sözügedən araşdırmanın aysberqin görünən tərəfi olduğunu vurğulayaraq, tarixən Azərbaycan ərazilərinin işğala, xalqının soyqırımına məruz qalması faktlarının, ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsi prosesinin mütəxəssislər tərəfindən birgə kompleks araşdırılmasına zərurət olduğunu bildirib.
Tədbirdə, həmçinin Milli Məclisin Elm və təhsil komitəsinin sədri tarix elmləri doktoru, professor Anar İsgəndərov, AR ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, Milli Məclisin deputatı siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu və Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov çıxış edərək kitabda tədqiq olunan problemin aktuallığını vurğulayaraq, əsərdə böyük elmi yeniliklərə imza atıldığını, yeni elmi müddəalar irəli sürüldüyünü və onların konkret dəlillərlə əsaslandırıldığını yüksək qiymətləndiriblər. Eyni zamanda kitabın Azərbaycan, Qafqaz və beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrantlar, eləcə də yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün çox faydalı olacağını qeyd ediblər.
Daha sonra Hərbi prokuror Xanlar Vəliyev çıxış edərək tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

Chosen
37
7
veteninfo.az

9Sources