Bakı, 14 mart, AZƏRTAC
Dünyanın bir çox ölkələrində baş verən hadisələrlə bağlı qərəzli qətnamələr qəbul edən, başqalarına “demokratiya” dərsi verən avropalı parlamentarilər yenidən korrupsiya ittihamları ilə üzləşib. Nüfuzlu ”Politico” nəşri bu dəfə Avropa Parlamentinin üzvlərinin böyük texnologiya şirkətindən rüşvət alması ilə bağlı məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqaləyə görə, Belçikanın hüquq-mühafizə orqanları texnologiya nəhəngi “Huawei” şirkətinin Avropadakı lobbiçilik fəaliyyətinə dair spiral rüşvət istintaqının bir hissəsi olaraq martın 13-də Avropa Parlamentində 20-dən çox ünvana reyd keçirib və iki ofisi möhürləyib.
Məqalədə diqqətə çatdırılır: “Belçika Prokurorluğunun sözçüsü deyib ki, hazırda Avropa Parlamentində aktiv korrupsiya, sənədlərin saxtalaşdırılması, çirkli pulların yuyulması ilə bağlı ilkin ittihamlar üzrə təhqiqat aparılır. Polis Brüssel, Flandriya, Valloniya və Portuqaliyada 21 ünvana reyd keçirib və bir neçə nəfər həbs edilib”.
“Politico” yazır ki, Avropa Parlamenti artıq 2022-ci ilin dekabrında Avropa Parlamenti, xüsusən də vasitəçi təşkilatlar vasitəsilə rüşvət və hədiyyələr yolu ilə korrupsiyaya bulaşan avropalı deputatlar “Qatarqeyt” qalmaqalında Aİ qərarlarının qəbuluna xarici dövlətlərin təsiri ilə bağlı ciddi araşdırmalarla üzləşiblər.
Qəzet əlavə edir ki, cümə axşamı Avropa Parlamentindəki iki ofis polis tərəfindən möhürlənib. Onlardan biri uzun müddət rəsmi vəzifədə çalışan və yeni seçilmiş Avropa Parlamentinin deputatı Nikola Minçevin indiki köməkçisi Adam Muçtara məxsusdur. Bu şəxs, eyni zamanda, EU40 adlı qrupun həmtəsisçisi idi və onun prezidenti Yunan siyasətçisi Eva Kayli “Qatargate” korrupsiya araşdırmasında əsas fiqur olub.
Deputat qəzetə verdiyi açıqlamada ofisinin möhürləndiyini təsdiqləyib, lakin hər hansı bir qanun pozuntusu olduğunu inkar edib.
Parlamentin ictimai səhifələrinə və qurumda işləyən üç nəfərin bildirdiyinə görə, digər möhürlənmiş ofis uzun müddətdir Avropa Parlamentinin deputatı Fulvio Martusciello və onun partiya üzrə həmkarı Marko Falkonenin köməkçilərinə aiddir. Köməkçilərdən və deputatlardan hansının istintaqa cəlb olunacağı hələ ki, bəlli deyil. Hər iki deputat istintaqın mərkəzində olduqları barədə iddiaları şərh etməkdən imtina edib.