Anidən şiddətini artıran yağış məni müəllimimgilə piyada getməyə qoymadı. Atamdan xahiş etdim ki, məni maşınla aparsın. Yol boyu maşının ön şüşəsinə çırpılan damcılar sanki hansısa şeirin misraları kimi səpələnirdi. Elə bu an radioda bir mahnı səsləndi…
“Düşürsən yadıma, yağanda yağışlar…”
Flora Kərimova və Mirzə Babayevin səsi maşının salonuna doldu. Mən onda 15 yaşına belə çatmamış bir uşaq idim. Amma artıq Flora Kərimovanı da tanıyırdım, Mirzə Babayevi də. Onları “Uzaq Yaşıl Ada”dan bilirdim. Vaqif Səmədoğlunu isə onlardan daha əvvəl. Emin Sabitoğlu ilə birlikdə.
Bütün bu adları bir araya gətirən tək bir adam var idi:Anar.
O gün dərs boyu beynimdə ancaq bir şey fırlanırdı: “Düşürsən yadıma, yağanda yağışlar.” Bu dörd söz. Sadə. Səmimi. Ürəkdən. Hazırlıq bitən kimi evə qaçıb internetdə mahnını tapdım, dəfələrlə dinlədim. Sonra gözüm ekranda yazılanlara sataşdı: Bəstəkar – Emin Sabitoğlu. Söz – Anar.
Anar?!
Bəs soyadı hanı? Bəlkə də Anarın cazibəsi elə buradadır.Onun nə əvvəli var, nə sonu. Sadəcə, Anar.Dərhal “vikipediya”nı açdım, Anar haqqında oxumağa başladım. Yadıma düşdü ki, “Ədəbiyyat” dərsliyində onun “Ötən ilin son gecəsi” pyesini oxumuşdum. Amma o vaxt bu qədər təsirlənməmişdim.
Həmin gecə Anarın ssenarisi əsasında çəkilmiş “Gün Keçdi” filminə baxdım. Çöldə isə oktyabrın yağışı pəncərəyə döyürdü. Mən isə 70-ci illərə səyahət edirdim. O filmin əsasını bir hekayə təşkil edirdi: “Gürcü familiyası”. Və mən Anarı kəşf etməyə başladım.Sanki “Da Vinçi şifrələri”ni açırdım.
Özümə söz verdim: “Anarın bütün əsərlərini oxuyacağam! Onun ssenarisini yazdığı hər bir filmə baxacağam!”
Elə də oldu. İllər keçdi, Anar mənim üçün sadəcə bir yazıçı olmadı. Bəzən yayın cırhacırında onun kitablarını oxuyanda çöldə oktyabr olurdu, yağış yağırdı, mən hazırlığa tələsirdim, radioda isə yenə o mahnı səslənirdi. “Düşürsən yadıma, yağanda yağışlar…”
Mən çox kitab oxumuşam. Mark Tvendən tutmuş, Markesə qədər. Salam Qədirzadədən İsa Muğannaya qədər. Tomrisin hekayələrindən “Yüz ilin tənhalığı”na qədər. “46 bənövşə”dən “İdeal”a qədər. Amma özümü bədii ədəbiyyata atdığım anı məhz bir şeydən ölçürəm: Anarın ilk hekayəsini oxuduğum andan.
Məncə, hamı bədii ədəbiyyata Anardan başlamalıdır. Çünki Anar “Ədəbiyyat nədir?” sualının birmənalı cavabıdır.Mənim ilk oxuduğum bədii əsər “Mən, sən, o və telefon” idi. Bu hekayənin xaricdə filmlərə, melodramalara çevrildiyini biləndə qürur hissi keçirdim. Və hər dəfə oxuyanda bütün dünyaya sübut etmək istəyirdim ki, bu hekayənin müəllifi Anardır! Bizim yazıçımız!
Bəs Anardan sonra kim qalacaq?
Heç kim. Azərbaycan ədəbiyyatını Anarsız təsəvvür etmək mümkündürmü?
“Cümhuriyyəti Rəsulzadəsiz təsəvvür etmək olmaz” dedikləri kimi, Anar da Azərbaycan ədəbiyyatının Məhəmməd Əmin Rəsulzadəsidir.
“İdeal” romanının müəllifi İsa Muğanna olsa da, mənim üçün İDEAL yalnız Anardır.
Bütün duruşu, baxışları, siqareti, Şopeni, “Küçələrə su səpmişəm” mahnısı… Və əlbəttə ki, onu Anar edən sadə, amma içində nə qədər fırtınalar gizlədən sözləri…
Sualıma özüm cavab verirəm:Anardan sonra heç kim qalmayacaq. Çünki Anarla birlikdə hamısı gedəcək…
…Bu yazını sərin bir yaz günündə yazıram. “Nərimanov”da. Köhnə erməni qəbiristanlığının yaxınlığında. Amma mənə elə gəlir ki, çöldə oktyabrdır. Yağış yağır. Mən hazırlığa tələsirəm. Radioda isə yenə də Mirzə Babayev və Flora Kərimova oxuyur…
“Düşürsən yadıma, yağanda yağışlar…
Bağışla, gözəl yar, bağışla, bağışla…”
Ad gününüz mübarək, yazıçı Anar!
Elcan Məmmədov