“Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən bildirib.
“İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir.
Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat ayrılıb.
2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə Baş nazir bildirib.
***
Əli Əsədov əlavə edib ki, 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox).
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb: “2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.
"Cebheinfo.az"