EN

Berezutski yenə də Şamaxıdan əliboş döndü - REPORTAJ

Şamaxı – Sabah 1:0 (1:0)
1. Rikardo Fernandes – 5,5
3. Vladislav Veremeyev – 5,0
17. Rafael Məhərrəmli (k) – 6,0
(5. Arsen Ağcabəyov, 76) – qiymətsiz
32. Vasiliye Radenoviç – 5,5
6. Rauf Rüstəmli – 5,5
(18. Cəlal Hüseynov, 82) – qiymətsiz
82. Rüfət Abbasov – 5,5
24. Edqar Adilxanov – 6,5
(19. Fəxri Məmmədli, 82) – qiymətsiz
30. Andrey Tırkovyanu – 5,0
(33. Alfons Msanqa, 67) – 5,0
66. Vasiliye Bakiç – 5,0
93. Brahim Konate – 5,5
(23. Murad Vəliyev, 82) – qiymətsiz
12. Maykl Tuik – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
14. Vüsal Məsimov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Edqar Adilxanov

92. Stas Pokatilov – 4,5
3. Con İrasabal – 4,5
4. Sofian Çakla – 4,5
17. Tellur Mütəllimov – 5,0
9. Anatoli Nuriyev – 4,5
(15. Seymur Məmmədov, 67) – 4,5
5. Rəhman Daşdəmirov – 4,5
88. Xəyal Əliyev – 5,5
13. İvan Lepinitsa – 4,5
7. Boyan Letiç – 4,5
(18. Pavol Safranko, 46) – 4,5
33. Umarali Raxmonaliyev – 5,0
(99. Neqoş Kupusoviç, 67) – 4,5
70. Cesse Sekidika (k) – 4,5
Ehtiyat oyunçular
1. Yusif İmanov
55. Nicat Mehbalıyev
10. Namik Ələskərov
32. Elgün Dünyamalıyev
40. İqor Noqeyra
12. Vinsent Till
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Xəyal Əliyev

Qol: E.Adilxanov, 31 (R.Məhərrəmli)
Vərəqələr: X.Əliyev, 64 (qeyri-idman hərəkəti). F.Məmmədli, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Sumqayıt).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
9 mart. Şamaxı şəhər stadionu, 1500 tamaşaçı (2250 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

“Sabah” rusiyalı çalışdırıcı Vasili Berezutskinin rəhbərliyi altında ikinci dəfə Şamaxıya gəlmişdi. Dekabrın sonlarına təsadüf edən ilk səfər zamanı “bayquşlar” 1:3 hesabıyla məğlub olaraq azarkeşlərini məyus etmiş, iddiasının üzərinə də kölgə salmışdı. Budəfəki səfər həm də o baxımdan vacib idi ki, “bayquşlar” həmin məğlubiyyətin əvəzini çıxıb, mükafatçılar sırasından da çox da uzaq düşməsinlər. Məqsədə çatmaq üçün isə səfərdən 3 xalla dönmək vacib idi.

“Şamaxı” ötən tur Bakıdan qələbəylə qayıtmışdı. Ayxan Abbasovun komandası “Səbail” üzərində inamlı qələbə qazanmaqla elitadakı yerini bir qədər də möhkəmlətmişdi. “Sabah”ı məğlub etməklə bu uğurun davamını gətirmək mümkün olacaqdı.

Cavid Cəlilovun idarə etdiyi qarşılaşma sakit məcrada başladı. Qış günəşinin şüaları parlaq görünsə də, stadionun kənarlarına toplanmış qar təpəciklərini soyuğu futbolçuları üşüdürdü. Bəlkə də elə buna görədi ki, ilk dəqiqələrdən sürətli oyunun şahidi olmadıq. İlk zərbə 3-cü dəqiqədə qonaq komandadan gəlsə də, bunu “Şamaxı” üçün böyük təhlükə adlandıra bilmərik. Özbək futbolçu Raxmonaliyevin uzaqdan zərbəsini qapıçı Fernandes asanlıqla tutdu. Təxmin etmək çətin deyildi ki, rusiyalı çalışdırıcı yetirmələrinə erkən qol vurmaqla oyuna nəzarəti ələ almağı tapşırıb. Amma “Sabah”ın heyətində oyunu üzərinə götürəcək, komandanı arxasınca aparacaq lider futbolçu yox idi. Belədə kəsərli hücumlar qurmaq, “Şamaxı”nın qapıçısını daim təzyiqdə saxlamaq da mümkün olmurdu. Maraqlıdı ki, “Sabah”ın “köhnə liderlərinin” itib-batması fonunda özbəkistanlı Umarali daha fəal görünür, “Şamaxı”nın qapısına yol tapmağa çalışırdı. Onun növbəti belə həmləsini 24-cü dəqiqədə Xəyalın yaxşı ötürməsindən sonra izlədik. Di gəl ki, sonuncunun zərbəsi qapıdan xeyli aralı keçdi. 4 dəqiqə sonra meydan sahibləri də sakit oturmaq niyyətində olmadıqlarını göstərdilər. Künc bayrağı istiqamətindən havalandırılan top Radenoviçin baş zərbəsindən sonra qapıdan azca aralı keçdi. Çox keçmədən hesab açıldı. Özü də qapı qarşısına asmadan sonra baş zərbəsi ilə. 30-cu dəqiqədə gənc Edqar Adilxanov kapitan Rafael Məhərrəmlinin sol cinahdan asmasını əla baş zərbəsi ilə tora qovuşdurdu. Hər şey o qədər sürətlə və gözlənilməz baş verdi ki, “Sabah”ın qazaxıstanlı qapıçısı yerindən tərpənə bilmədi. Yeri gəlmişkən, Rafael ardıcıl 2-ci oyunda məhsuldar ötürmə verdi. Birinci hissə meydan sahiblərinin 1:0 üstünlüyü ilə yekunlaşdı.

Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Etibarlı müdafiə xətti sayəsində meydan sahibləri həm hesabı qorumağı bacarır, həm də topa nəzarət edirdilər. “Sabah”ın “dişsiz” hücumçuları xüsusi heç nə ilə yadda qalmırdılar. Maraqlıdı ki, Berezutski də oyuna müdaxilə etməyi bacarmır, hadisələrin axarını dəyişməkdə aciz görünürdü. Heç də təsadüfi deyil ki, rusiyalı çalışdırıcı cəmi üç oyunçu dəyişikməklə kifayətləndi. Görünür, o da yaxşı anlayırdı ki, yanında əyləşənlər də elə meydandakı “Sabah” futbolçuları kimi xarüqələr yaratmaq, komandanı məğlubiyyətdən xilas etmək gücündə deyil. Təbii ki, belə durum “Şamaxı”nın ürəyincə idi. Məhz elə bu səbəbdən də meydan sahibləri 70-ci dəqiqədən sonra təzyiqi artıraraq, hesabı artırmaq fikrinə düşdülər. Oyunun qəhrəmanı Edqar 78-ci dəqiqədə dubl etməyə yaxın olsa da, onun zərbəsində azca dəqiqlik çatmadı. “Sabah” isə bundan beş dəqiqə sonra hesabı bərabərləşdirmək üçün ciddi şəkildə cəhd etdi. Sonradan oyuna qoşulan Kupusoviç Rikardonun yumruqladığı topu başıyla qapıdan keçirmək istəsə də, top tirə dəyərək meydandan çıxdı. Hakimin əsas vaxta əlavə etdiyi 7 dəqiqə ərzində ciddi nəsə yaşanmayınca oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşdı.

Gözdən qaçmadı
* İlk dəqiqələrdən hakimin qərarlarından narazılıq etməyə başlayan Ayxan Abbasov 4-cü hakimdən şifahi xəbərdarlıq eşitdi. Mütəxəssis komandasının qolundan sonra Elvin Bayramova yaxınlaşıb “sülh əli”ni uzatdı və emosional davrandığını etiraf etdi.
* Şamaxılı azarkeşlər oyunboyu balabanla sevimli komandasını dəstəklədi və şüarlar səsləndirdi. Onlar ikinci hissəyə əlavə eidlən 7 dəqiqəni çox kəskin etirazla qarşıladılar. “Soldati di Sabah” fanklubu da tribunada idi.
* Matçı tribunadan izləyənlər arasında “şirlər”in zədəli futbolçusu Leroy Mikels və yeni transferi Kollin Anderson da var idi.
* Matç bitəndən sonra kimliyini dəqiqləşdirə bilmədiyimiz “Şamaxı” rəmsilərindən biri “bax indi Leroy Mikelsi satmaq olar!” ifadəsini işlətdi.

AMAL, KƏNAN

Chosen
17
football-plus.az

1Sources