XII Qlobal Bakı Forumu çərçivəsində “Yeni Dünya Nizamında Orta Güclər” adlı panel müzakirə keçirilib.
APA xəbər verir ki, bunu Avstriyanın sabiq xarici işlər naziri Benita Ferrero-Valdner deyib ki, orta miqyaslı ölkələr böyük güclərin arasında pozulan etimadın bərpasında vasitəçi ola bilər.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun sözlərinə görə, böhranların həlli üçün işlək variantlar tapılmalıdır: “Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı BMT qətnamələrinə əməl edilmədi. Orta miqyaslı ölkələr çoxtərəflilikdə maraqlıdır. Bu, beynəlxalq hüquq prinsiplərinə əsaslanan bir sistemdir. Azərbaycan kimi ortamiqyaslı ölkələr üçün bu, daha məqbul bir variantdır. Ölkələr müstəqil qərarlar qəbul etmək və özünümüdafiə iqtidarında olmalıdır”.
İslandiyanın sabiq Prezidenti Olafur Raqner Qrimsson qeyd edib ki, dünyanı "böyük", "orta", "kiçik" ölkələrə və ya güclərə bölmək doğru deyil.
Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç deyib ki, Avropa İttifaqı qarşısında bəzi çağırışlar var və Çin bu istiqamətdə pozitiv iştirakçı ola bilər.
Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov bildirib ki, ABŞ-nin bəzi BMT qurumlarından çıxması kimi məsələlər regionda orta güclərin aktivləşməsinə səbəb ola bilər: “Bu proseslər orta miqyaslı güclər arasında qarşılıqlı etimadı gücləndirə, bu güclərin regional inteqrasiyasına səbəb ola bilər”.
Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin isə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında hələ ki davamlı sülhə nail olunmayıb: “Kosovada, Yaxın Şərqdə də eyni vəziyyətdir. Bu ərazilərdə problemlər hələlik öz həllini tapmayıb. Dünyadakı bütün bu problemləri həll etmək üçün kollektiv əməkdaşlığa ehtiyac var”.
Maltanın sabiq Baş naziri Cozef Muskat diqqətə çatdırıb ki, beynəlxalq ticarət rejimi sürətlə dəyişməkdədir və təchizat zənciri də burada mühüm rol oynayır.
Latviya Respublikasının sabiq müdafiə naziri, sabiq xarici işlər naziri Artis Pabriks bəyan edib ki, “orta və kiçik miqyaslı dövlətlər böyük siyasi gücə malik olmadıqları üçün dünya ictimaiyyətinə güvənirlər, ədaləti beynəlxalq təşkilatlarda axtarırlar, yaxud da "super güclər"dən mədəd umurlar: “Bizim istədiyimiz odur ki, "super güclər" əllərindəki imkanlardan düzgün istifadə etsinlər”.
Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar bildirib ki, ölkəsi dünyada Çin və Rusiya ilə qonşu olan yeganə ölkədir: “Vaxt önəmlidir. Ləngimə, geri qalmaq kiçik ölkələr üçün məhv olmaq deməkdir”.