Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqların başa çatmasını alqışlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Əminik ki, əldə olunan razılaşmalar və bu tarixi sənədin imzalanması Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunda sabitlik, təhlükəsizlik və rifahın təmin edilməsi yolunda mühüm addım olacaq.
Qazaxıstan Respublikası iki ölkə arasında davamlı və uzunmüddətli sülhün bərqərar olması məqsədilə konstruktiv dialoqun davam etdirilməsinə yönəlmiş səylərə qətiyyətli dəstəyini bir daha təsdiqləyir”, – deyə bəyanatda deyilir.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
“Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq”, – deyə XİN-dən bildirilib.