Millət vəkilinin sözlərinə görə, XII Qlobal Bakı Forumu da dünya ictimaiyyətini düşündürən çox aktual mövzuya həsr olunub. "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunmuş Forumda çıxış edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri çıxış edərək problemlərdən çıxış yolları üçün öz fikir və təkliflərini bölüşürlər. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısıının dediyi kimi, biz regionda sülhə yaxınıq. "Biz Cənubi Qafqazda sülh qurmalıyıq", - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Cənab Prezident bəyan edib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Bununla belə, dövlətimizin başçısı vurğulayıb ki, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq: "Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar".
Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. "Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır",-deyə millət vəkili vurğulayıb.