EN

XII Qlobal Bakı Forumu: Geosiyasi dəyişmələrdən multilateralizmə və yeni qlobal konsensusa - TƏHLİL

Bakı, 14 mart, AZƏRTAC

Qlobal Bakı Forumu beynəlxalq əlaqələrin, geosiyasi dinamikanın və qlobal əməkdaşlığın müzakirə edildiyi ən mühüm platformalardan biridir. Hər il, müxtəlif dünya güclərinin iştirak etdiyi bu forum, qlobal problemlərin həlli üçün yeni yanaşmaların ortaya qoyulmasına və strateji əməkdaşlıq üçün müzakirələrin açılmasına şərait yaradır. XII Qlobal Bakı Forumunun mövzusu da bu dövrün ehtiyaclarına uyğun olaraq, qlobal düzənin dəyişən şəraitini və gələcəyinə dair yeni yanaşmaları əks etdirir. “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT Paktı: Yeni qlobal konsensusun yaradılması” kimi ən vacib panel mövzularının təhlili göstərir ki, XII Qlobal Bakı Forumu beynəlxalq münasibətlərin inkişafı, həm də gələcək nəsillərin dünyada daha güclü və bərabərhüquqlu bir həyat tərzi qurmasına yönələn müzakirələri əhatə edir. Bu məsələlər, yalnız dövlətlər arasında deyil, həm də cəmiyyətin hər bir üzvü üçün yeni düşüncə tərzinin və strateji yanaşmaların inkişafını tələb edir.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “XII Qlobal Bakı Forumu: Geosiyasi dəyişmələrdən multilateralizmə və yeni qlobal konsensusa” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Geosiyasi Dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı. Bu panel mövzusu dünyada baş verən geosiyasi dəyişikliklərin daha balanslı və sülhsevər bir şəkildə idarə olunması üçün məsuliyyətli tərəfdaşlığın vacibliyini vurğulayır. Son illərdə dünyanın müxtəlif regionlarında yaşanan gərginliklər və münaqişələr qlobal güclərin rəqabətini daha da kəskinləşdirib. Bu vəziyyət çox vaxt beynəlxalq sistemin qeyri-sabitliyinə səbəb olur.

XII Qlobal Bakı Forumunda bu mövzu ətrafında edilən müzakirələr dövlətlərin bir-birinə qarşı rəqabət apardığı bir dünyada, eyni zamanda, əməkdaşlığın və müsbət tərəfdaşlığın necə qurulacağına dair strateji yanaşmaların inkişaf etdirilməsini nəzərdə tutur. Çünki müasir dövrdə hər bir dövlətin öz maraqlarını güdməsi, lakin, eyni zamanda, beynəlxalq hüququn və etik prinsiplərin qorunması lazım gəlir. Forumda müzakirə olunan məsuliyyətli tərəfdaşlıq anlayışı qlobal güclər arasında gərginliyi azaltmaq və qarşılıqlı anlaşmanı təmin etmək məqsədi daşıyır. Bu, yalnız iqtisadi və siyasi sahələrdə deyil, həm də təhlükəsizlik, iqlim dəyişikliyi və insan hüquqları sahələrində də əməkdaşlıq tələb edir.

Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması. XII Qlobal Bakı Forumunun bu panel mövzusu çoxqütblü bir dünya düzənində multilateralizmin roluna dair əsas müzakirələri özündə birləşdirir. Dünyanın ən böyük gücləri arasında dəyişən münasibətlər beynəlxalq institutların gücünə və fəaliyyətinə ciddi şəkildə təsir edir. Əvvəlki illərdə hegemon güclərin dominant mövqeyi ilə formalaşmış təkqütblü dünya nizamı mövcud idi. Lakin son illərdə müxtəlif qlobal güclərin ortaya çıxması ilə dünya siyasi və iqtisadi nizamı daha çox çoxqütblü bir xarakter daşımağa başlayıb.

Forumda müzakirə edilən bu mövzu multilateralizmin təkrar qiymətləndirilməsini və qlobal məsələlərə dair yeni çoxqütblü yanaşmaların inkişafını nəzərdə tuturdu. Multilateralizm yalnız müxtəlif güclərin beynəlxalq münasibətlərdə bərabər şəkildə iştirak etməsini deyil, həm də qlobal problemlərin, məsələn, iqlim dəyişikliyi, beynəlxalq ticarət, təbii fəlakətlər və təhlükəsizlik məsələləri kimi sahələrdə birgə həll yolları tapılmasını təmin edir. Bu kontekstdə, forum iştirakçıları dünyanın yeni çoxqütblü düzəninə uyğun olaraq multilateral yanaşmaların daha güclü və effektiv bir şəkildə işləməsinin vacibliyini vurğulayıblar.

Yeni multilateralizm regional və beynəlxalq təşkilatların rolunun artırılması, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, daha ədalətli qlobal sistemin qurulması məqsədi daşıyır. Multilateralizmin zəifliyi və onun effektivliyinin təmin olunmaması qlobal çağırışların həllində ciddi maneələr yaradır.

Gələcək üçün BMT Paktı: yeni qlobal konsensusun yaradılması. Panel mövzusu Birləşmiş Millətlər Təşkilatının (BMT) gələcəkdə necə daha təsirli olacağı və qlobal konsensusun necə formalaşacağına dair müzakirələri əhatə edir. Dünya son illərdə bir çox yeni böhranlar və gərginliklərlə üzləşib ki, bu da BMT-nin rolunun təkrardan qiymətləndirilməsini labüd edir. Forumda iştirakçılar BMT-nin XXI əsrdə daha effektiv və müasir tələblərə cavab verən bir qurum olmasının vacibliyini vurğulayıblar.

BMT Paktı beynəlxalq hüququn və ədalətin qorunmasında mühüm rol oynayan sənəd olmaqla yanaşı, qlobal konsensusun formalaşdırılmasında da mühüm vasitədir. XII Qlobal Bakı Forumunda bu mövzunun müzakirəsi yeni qlobal konsensusun yaradılması üçün beynəlxalq hüququn gücləndirilməsi, beynəlxalq təşkilatlarda islahatlar aparılması və dünya sülhün təmin olunmasında BMT-nin rolunun daha da artırılması kimi məsələləri aktual edib. Həmçinin forumda BMT-nin üzv dövlətləri arasında daha əhatəli və şəffaf qərar qəbuletmə proseslərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

BMT-nin gələcəyi yalnız iqtisadi və siyasi məsələlərlə məhdudlaşmır, həm də qlobal təhlükəsizlik, insan hüquqları, ekoloji problemlər və sosial ədalət məsələlərini əhatə edən geniş spektri ilə müzakirə olunmalıdır. Tədbirdə BMT-nin fəaliyyətlərinin qlobal çağırışlara uyğun şəkildə yenilənməsi və inkişaf etdirilməsi barədə təkliflər də irəli sürülüb.

Beləliklə, Azərbaycan paytaxtı geosiyasi dəyişikliklər, çoxqütblü dünya nizamı və BMT-nin gələcəyi kimi önəmli mövzular ətrafında dərin müzakirələrə yenidən ev sahibliyi edir. Qlobal Bakı Forumunda çıxan əsas nəticə qlobal problemlərin həllində dövlətlər və beynəlxalq təşkilatlar arasında daha çox əməkdaşlıq, çoxqütblü yanaşma və hərtərəfli multilateralizmin əhəmiyyətinin artırılmasıdır. Bu mövzular yalnız dünya siyasətini deyil, həm də beynəlxalq hüququ, iqtisadiyyatı və təhlükəsizliyi daha ədalətli, sülhsevər bir şəkildə formalaşdırmaq üçün yeni yanaşmalar təqdim edir. Bu müzakirələr qlobal çağırışların qarşısında daha yaxşı bir gələcək qurmaq üçün vacib addımlar atılmasına yardımçı ola bilər.

Chosen
25
azertag.az

1Sources