EN

Fransanın siyasi təxribatları fiaskoya uğrayır

Ermənistanla bu ölkəni işğalçılıq, barbarlıq və türkofobiya əlamətləri birləşdirir

Ötən günlərdə bir məlumatı eşidəndə xeyli təəcübləndim . Heç demə, Fransanın ən böyük quru sərhədi  Avropa ölkələri ilə deyil, Braziliya ilə imiş. Haqlı sual olunur: Axı  Fransa hara, Cənubi Amerkadakı Braziliya hara... Məlum olur ki, burada hələ də Fransanın müstəmləkəsi olan belə bir ərazi mövcuddur.

Bəli, hansısa kitabdan oxuduğum  «Dünyanın üçdə birini işğal etmiş Fransa» cümləsi də bu məqamda yadıma düşdü. Tarixdən də görünür ki, 60 il öncəyə qədər Fransa ən çox müstəmləkəsi olan ölkələrdən biri olub. Bu gün də bu ölkənin öz sərhədlərindən min kilometrlərlə aralıda müstəmləkələri mövcuddur. Hazırda dünyada 200-dən çox dövlət var, amma vaxtıilə Fransanın müstəmləkələrinin sayı 225 idi.

2023-cü ildə Nigerdə cərəyan edən son hadisələri götürək. Bu ölkədə baş verən hərbi çevrilişdən sonra Fransa rəsmiləri hərbi müdaxilə planlarını gündəmə gətirdilər. Ümumiyyətlə, Fransa həmişə Nigerdə yaşanan qiyamlar səbəbindən bu ölkədə uran yataqlarının itirilməsindən ehtiyat edir və isterik vəziyyətə düşür. Bu səbəbdən də Nigerdəki hərbi çevriliş Fransa üçün xoşagəlməz sürpriz olub. Lakin  bununla hesablaşmaq fikrində deyil. Belə ki, Nigerdə ​​uran hasilatı Fransa xüsusi əməliyyat qüvvələrinin mühafizəsi altındadır. Nigerlə yanaşı, analoji hal digər keçmiş Fransa müstəmləkələrində yaşanır. Fransa Prezidenti Emmanuel.Makronun keçmiş müstəmləkəsi hesab olunan Kaledoniyanın daxili işlərinə qarışmaq cəhdi də buna daxildir. 170 il sürən müstəmləkəçiliyin qurbanı olduqlarını qeyd edən kaledoniyalılar Fransanı dekolonizasiya siyasəti yürütməkdə ittiham edirlər.

Məhz belə bir barbar və müstəmləkəçi ölkənin bu gün Azərbaycana və Türkiyəyə ədalət, demokratiya dərsi keçmək cəhdi  öz gözündə tiri görməyənin başqasının gözündə çöp axtarmasına bənzəyir.  Bəli, vaxtıilə dünyanın üçdə birini işğal etmiş və hələ də işğal altında saxladığı ölkələrdə milli azadlıq hərəkatlarını silah gücünə yatıran Fransa bu gün Azərbaycanla Ermənistan arasında  sülh müqaviləsinin imzalanasına mane olmağa çalışan ölkədir.

Həmçinin  Avropada islamofobiya və anti-Türkiyə hərəkətləri ilə daha çox fərqlənən, 30 ildən artıq davam etmiş Ermənistan- Azərbaycanan münaqişəsində daim ermənipərəst mövqe sərgiləyərək ölkəmizə qarşı ədalətsiz qərarların qəbul olunmasına çalışan Fransa «qoca qitə»nin üz qarasına çevrilib. Təbii ki, zaman-zaman işğalçı Ermənistanı və qondarma «erməni soyqırımı»nı dəstəkləyən Fransanın ermənilərə sevgisi səbəbsiz deyil: Bu dövlətlər, yəni Ermənistan ilə Fransa eyni xislətin və barbarlığın daşıyıcılarıdır. Hər iki dövlət həmişə beynəlxalq hüquqa hörmətsizlikləri ilə, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törətməklə tarixdə iz buraxıblar.

Xüsusilə, İkinci Qarabağ müharibəsində Azərbaycanın  tarixi Qələbəsindən sonra Fransa daha da quduzlaşaraq ölkəmizə qarşı hüquqazidd addımlar atmağa başladı. Hətta Azərbaycanın Qarabağdakı ədalətli antiterror əməliyyatlarını ermənilərə qarşı soyqırımı kimi tanıtmağa çalışdı. Təbii ki, Fransadan fərqli olaraq bir çox dünya gücləri 44 günlük müharibədə qəhrəmanlığımızın şahidi olmaqla bərabər, həm də ədalətli mübarizəmizi dəstəklədilər.

Məlumdur ki, Fransa nə qədər inkişaf etmiş Avropa ölkəsi olsa da onun Cənubi Qafqazın hərbi və iqtisadi baxımdan ən güclü ölkəsi olan Azərbaycana qarşı siyasi təxribatlarının qarşısı qətiyyətlə alınır. Xüsusilə Prezident İlham Əliyevin bəyanatlarında açıq şəkildə göstərilir ki, Fransa bundan sonra heç vaxt Cənubi Qafqazda sülh danışıqlarında, ümumilikdə geopolitik proseslərdə iştirak edə bilməz. Eyni zamanda, ölkəmizin başçısı Fransanı sülh prosesindən kənarlaşdırmaqla kifayətlənməyərək bu dövlətin  Əlcəzairdə törətdiyi kütləvi soyqırımlarını da həm rəsmi Parisə, həm də dünya ictimaiyyətinə xatırladıb. Bununla da Fransaya olduqca ciddi  xəbərdarlıq edib. Bəli, davamlı olaraq Fransa Senatının məlum antiterror  tədbirlərinədək Qarabağdakı erməni separatçı-terrorçulara «müstəqillik nağılları» danışması da biabırçılıqdır. Fransa Senatı bu «müstəqillik nağılları»nı  Korsika adası ilə bağlı danışsa daha yaxşı olar.

Eyni zamanda, Fransa Əlcəzairdə, Mərakeşdə, Ruandada və digər Afrika ölkələrində kütləvi qətliamlar törətməsinə görə də qınanılır. Həmin ölkələrdə Fransanın milyonlarla insana qarşı soyqırımı törətməsi fransızları tarix qarşısında üzüqara edən dəhşətli faktlardır. Bundan başqa, Fransa bu torpaqlarda daha bir vəhşiliyi 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində törədib. Belə ki, burada Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın ödənilməsi məsələsindən də boyun qaçırır.

Vaxtilə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günədək  həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən  imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan da yaxın  himayədarı olan Fransanın ənənələrini davam etdirərək işğalçı kimi qovulduğu Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırmışdır və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən dövrdə 300- dək  Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsinin Fransa tərəfindən bir dəfə də olsa pislənilməməsi bu ölkənin humanitar hüquqa necə etinasız yanaşdığını növbəti dəfə nümayiş etdirir.

Elçin Zaman, «İki sahil»

Chosen
46
ikisahil.az

1Sources