EN

Rusiyanın Ali müftisi: Şuşa məscidində namaz qılmaq mənim üçün xüsusi şərəf idi - FOTO

“Şuşa məscidində namaz qılmaq mənim üçün xüsusi şərəf idi”.

QAZİLER.AZ  APA-a istinadən xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə bildirib.

Rusiyanın Ali müftisi Qarabağda işğalçılar tərəfindən təhqir edilmiş məscidləri, müsəlmanların dini ziyarətgahlarını öz gözləri ilə gördüyünü söyləyib: “Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək, tarixi torpaqlarını azad etmək uğrunda apardığı ədalətli mübarizədə ilk dəstək verənlərdən olduq. Biz Azərbaycanın qələbəsinə sevindik və işğal olunmuş torpaqlar azad ediləndən sonra ilk təbrikləri göndərdik. Bu, həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı tərəfindən çox ciddi qiymətləndirildi”.

R. Qaynutdin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə də dərin təşəkkürünü bildirib, onu böyük qardaşı hesab etdiyini vurğulayıb: “Mən Şeyxülislam Allahşükür Paşazadəyə işğaldan azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmək dəvətinə görə səmimi qəlbdən təşəkkür edirəm. Şuşa şəhərinin bərpa olunmuş məscidində namaz qılmaq mənim üçün xüsusi şərəf idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxış etdiyi məsciddə Uca Allah mənə də namaz qılmaq imkanı verdi. Bu məscid möhtəşəm, saf, müqəddəsdir və orada İslam tarixinin ruhu hiss olunur”.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Qarabağda İslam irsinin bərpasının bütün İslam dünyası tərəfindən dəstəkləndiyini söyləyib: “İslam dünyası məscidlərin bərpasında Azərbaycana kömək etməyə hazırdır. Biz Rusiya müsəlmanları da bu xeyirxah işə qoşulacağıq. Bizim milyonlarla müsəlmana müraciət etmək, səylərimizi birləşdirmək və toplanan vəsaiti Qarabağdakı ziyarətgahların bərpasına yönəltmək imkanımız var”.

R.Qaynutdin əlavə edib ki, əsl dostluq təkcə sülh dövründə yox, həm də çətin dövrlərdə sınanır: “Dostlar təkcə sevincdə deyil, həm də çətin anlarda - evlərin və məscidlərin yenidən qurulması lazım olanda da orada olmalıdırlar. İnşallah duada da, mənəvi dəstəkdə də, real yardımda da azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Biz bilirik ki, İslam dünyası – Azərbaycanın dostları da öz dəstəyini verəcəklər”.

Rusiyanın Ali müftisi Rusiya Müsəlmanları Ruhani İdarəsinin iştirakı ilə yaradılmış Beynəlxalq Müsəlman Forumunun mütəmadi olaraq müxtəlif ölkələrin paytaxtlarında keçirildiyini və 2025-ci ildə forumun Bakıda keçiriləcəyinə ümid etdiyini bildirib.

O, həmçinin vurğulayıb ki, Rusiyanın müsəlman icması bu ilin mayında keçiriləcək İslamofobiya ilə Mübarizə üzrə Bakı Beynəlxalq Konfransını dəstəkləyir və onun həmtəsisçisi kimi çıxış etməyə hazırdır.

Öz növbəsində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Müsəlmanları Ruhani İdarəsinin Azərbaycan ilə Rusiya arasında dostluq və müttəfiqlik əməkdaşlığının möhkəmlənməsində mühüm rolunu qeyd edib, iki ölkənin müsəlman icmaları və digər konfessiyaları arasında dialoqun vacibliyini vurğulayıb. Səfir iki ölkənin təhsil müəssisələri arasında dinlərarası və millətlərarası tolerantlıq və qarşılıqlı anlaşma mühitinin gücləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinin zəruriliyini də vurğulayıb.

Söhbət zamanı R.Mustafayev müfti Qaynutdinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinə Qarabağ münaqişəsinin yekun həllində ədalətli mövqeyinə və Azərbaycana dəstəyinə görə təşəkkür edib.

Chosen
2
3
qaziler.az

8Sources