"Beynəlxalq məsələlərin müzakirə məkanına çevrilən Bakı Qlobal Forumunda Prezident İlham Əliyev vacib mesajlar verdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
O bildirib ki, Cənubi Qafqaz regionunda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında yaranmış maneələrin əsas səbəbləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı: "Bütün sülh təşəbbüslərinin müəllifi Azərbaycan olduğu halda Ermənistandan məqsədli şəkildə sülh göyərçini düzəldənlərin kimliyini açıqlayan dövlət başçımız bildirdi ki, bu missiyanı bu gün bəzi Avropa bürokratları həyata keçirir. Özü də Ermənistanın keçmişdə törətdiklərini bilə-bilə. Təbii ki, Azərbaycan zərərçəkən tərəf kimi, məruz qaldığı etnik təmizləmə, işğal siyasəti, soyqırım, ekosid, urbisid kimi cinayətləri unutmayacaq. Bu səbəbdən əslində Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətin qarşısında açıq şəkildə bəyan etdi ki, biz onların hər hansı bir sözünə inanmırıq.
“Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır.”
Rəsmi Bakı haqlı olaraq qarşı tərəfdən ana qanunda dəyişikliyi tələb edir. Ermənistan tərəfi hər nə qədər sülh danııqları ilə bağlı mətn üzrə razılıq əldə olunduğunu iddia etsə də Azərbaycanın haqlı tələb və şərtlərini yerinə yetirməyə məcburdur.
“Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?” deyən dövət başçımız Ermənistanın sülhdən çox müharibəyə hazırlaşdığını bəyan etdi.
Əslində Ermənistan özü etimadı itirib. Bu illər ərzində qeyri-ciddi, ziddiyyətli bəyanatlar verən Ermənistan rəhbərliyi bu etimadı yenidən bərpa etmək üçün yollar axtarmalıdır. Amma Ermənistan daha çox müharibəyə hazırlaşmaq üçün yollar axtarır.
Biz Ermənistan rəsmilərinin Hindistana, Fransaya intensiv səfərlərini, silahlanma siyasətini davam etdirdiyini görürük. Eyni zamanda sərhəddəki “mülki missiya”nın fəallaşması Ermənistanı bir qədər də arxayınlaşdırır. Amma təbii ki, Azərbaycan da qabaqlayıcı tədbirlər görməkdədir.
Azərbaycanın qalib ölkə kimi nüfuzu və mövqeləri getdikcə möhkəmlənir. Dövlət başçımızın da bəyan etdiyi kimi, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər, bundan sonra da buna nail ola bilməyəcklər".