EN

Qvardiola Halandla bağlı sualı elə cavabladı ki…

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli qolçusu Erlinq Halandla bağlı sualı cavablaması ilə diqqət çəkib.

Arena.az ispan mütəxəssisin mətbuat toplantısında yaşanmış məqamı təqdim edir:

– Haland mütəmadi surətdə futbol meydanında nə edir ki, siz bunu əvvəllər digər oyunçunun ifasında görməmisiniz?
– Mən Messi ilə işləmişəm.

Bu qısa cavabı ilə də Qvardiola yöndəmsizcəsinə olsa da, qeyri-iradi surətdə məsələyə “nöqtə” qoyub.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 28 qol vurub, 4 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 136 oyun, 118 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Chosen
36
1
arena.az

10Sources