Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.
Referans "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş Z.V. adlı qadının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Z.V. xadimə kimi çalışdığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən üçmərtəbəli həyət evinin üçüncü mərtəbəsində yerləşən qonaq otağının dolabından 115 450 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Qadın oğurladığı qızılları metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyalarının yaxınlığında yerləşən üç lombarda satdığı da məlum olub.
Məhkəmənin qərarı ilə Z.V.-yə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.