Son günlər Azərbaycanda qızılca xəstəliyi ciddi şəkildə yayılmağa başlayıb. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən də məlumat yayılıb. Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanın bəzi bölgələrində qızılca virusuna kütləvi yoluxma halları müşahidə edilib. İlk dəfə noyabrın 23-də Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşaq ölüb. Sonuncu dəfə isə dekabrın 2-də Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Bununla birlikdə qızılcadan dünyasını dəyişən uşaqların sayı 4-ə çatıb.
Ölkədə qızılca xəstəliyi ilə bağlı uşaq ölümlərini nəzərə alsaq orta məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin distant təhsilə keçməsi və ya müvəqqəti bağlanması ehtimalı gündəmə gəlib.
Məsələ ilə bağlı Milli Məclisin səhiyyə, elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Referans.az-a bildirib ki, əgər yoluxma sayı artarsa və cəmiyyət üçün ciddi təhlükə yaradacaq vəziyyət yaranarsa, bu zaman məktəblərdə distant təhsilə keçmək olar:
“Qızılca xətəsliyi son zamanlar uşaqlar arasında olduqca geniş yayılıb. Ömür boyu bu xəsətlik olub, xüsusən də uşaq yaşlarında olur. Yəni bu infeksion xəstəlikdir. Bu gün bu infeksion xəsətliyin bu sürətdə yayılmasının əsas səbəbi peyvəndləmənin aparılmamasıdır. Yəni Sovet dövründə buna qarşı uşaq yaşlarından peyvənd vurulurdu və uşaqlar bunu yüngül formada keçirirdilər. Amma indi valideyinlərin əksəriyyəti və hətta çox hissəsi peyvəndlənmədən qaçırlar, övladlarını peyvənd etdirməkdən qorxurlar və bu da sonda bu cür xəsətliklərin kütləviləşmiş formasına gətirib çıxarır”.
Deputat qeyd edib ki, uşaqların vaxtında peyvəndlənməsinin aparılması mütləqdir və irəlidə ciddi fəsadların yaranmaması üçün buna ciddi nəzarət etmək lazımdır. Onun sözlərinə görə, qızılcanın belə yayılması bu gün məktəblərin bağlanmasına və ya təhsilin onlayn formaya keçməsinə şərait yaratsın.
Təhsil məsələləri üzrə ekspert Əlçin Əfəndi Referans.az-a açıqlamasında deyib ki, son günlər qızılca xəstəliyinin ölkədə yayılması və uşaq ölümlərinin artması müşahidə olunur:
“Qızılca xəstəliyinin yayılması bir sıra bölgələrdə qeydə alınıb, amma bütün ölkəni əhatə etmir. Təbii ki, burda uşaq ölümləri də var. Hazırda yoluxmanın sürətli olmaması və yaxud intensiv xarakter daşımaması müvafiq olaraq distant formalı təhsilə keçidi tətbiq etməyə ehtiyac olmadığını göstərir. Yalnız o zaman distant təhsilə keçid ola bilər ki, bütün ölkə ərazisində yoluxma həddi yüksək olsun, eyni zamanda ölüm faktı çox olsun. Belə olan halda distant təhsilə keçmək olar”.
Ekspert bildirib ki, belə olduğu halda da lokal xarakterli bağlanma baş verməlidir. Onun sözlərinə görə, bütün ölkə ərazisində istər məktəbəqədər hazırlıq pilləsində və yaxud ümumi təhsil pilləsində ümumi qaydada distant təhsilin tətbiqi düzgün deyil: “Çünki biz 2020-ci ildə koronavirusla bağlı distant formada təhsilin tətbiqini və onun fəsadlarını görmüşük. Şagirdlər eyni zamanda müəllimlər tərəfindən çox əziyyət çəkildi. Biz yalnız lokal xarakterli təhsili tətbiq etməklə mövcud vəziyyətdən çıxa bilərik. Hazırda ölkədə 1 milyon 600 mindən çox şagird təhsil alır”.
Biz istəmərik ki, ümumi xoşagəlməz bir mənzərə formalaşsın, bunun üçün də lokal xaraketrli tətbiqetmələr vacibdir – deyə Elçin Əfəndi əlavə edib.
Aqil Qarayev