“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində doğma meydanda “Sumqayıt”la keçirilən görüşdə 1:2 hesabla məğlub oldu.
Tovuz təmsilçisinin matçdakı yeganə qolunun müəllifi olan Ayxan Hüseynov oyun haqda fikirlərini “Futbolpress.az”a bölüşdü:
– Məncə, oyuna yaxşı başlamışdıq. Qol epizodları yaratmışdıq və qol da vura bildik. Amma yenə də komanda şəklində ucuz səhvlər edirik. Çətin qollar vururuq, amma asan qollar buraxırıq. “Sumqayıt” hər iki qolu bizim səhvlərimizdən sonra vurdu. Ümumiyyətlə, bu gün bəxtimiz gətirmədi: Faiq Hacıyev ofsayda düşdü, rəqib oyunçu topu qapı xəttindən çıxartdı, rəqibin qapıçısı da yaxşı performans sərgilədi. Bir sözlə, qalib gəlmək üçün meydana çıxmışdıq, amma alınmadı.
– Yəqin ki, meydançada saha yaxşı görünər. Həmin epizodda top həqiqətənmi qapı xəttini keçməmişdi?
– Mən həmin vaxt künc zərbəsini başlayırdım və xəttə yaxın idim. Topun tamam keçdiyini 100 faiz əminliklə deyə bilmərəm, ancaq mənə elə görsəndi ki, top bir az qapının içindəydi. Ola bilər ki, millimetr xətdə idi, ona görə qol sayıldı.
– Oyunlarda çox çətinlik çəkirsiz. Hətta qələbələri belə rahat qazana bilmirsiz. Səncə, səbəb nədir?
– İlk dəqiqələri yaxşı oynayırıq ya da ilk dəqiqələri pis oynayıb son dəqiqələri yaxşı oynayırıq. Bizdə stabillik yoxdur. Bunun üzərində çox işləməliyik.
– Xüsusən də ev oyunlarında matça yaxşı başlıyıb, lakin ardını gətirə bilmirsiz. Bunun səbəbi azarkeşlərinizə qələbə sevincini yaşatmaq istəyinizin çox olmasıdır?
– Azarkeşlərə ancaq sevinc yaşatmaq istəyirik. Onlar bizim 12-ci,13-cü oyunçumuzdur. Onlara həmişə minnətdarıq. Bəlkə də onları çox sevindirmək istəyimizə görə arada bir konsentrasiyamızı itiririk və ucuz səhvlər buraxırıq.
– Milli fasiləyə yollanırıq. Millidə bəzi dəyişikliklər olub, hətta I Liqadan belə oyunçu cəlb olunub. Heç olmasa ümid edirdinmi ki, bu dəfə milliyə çağırılarsan?
– Şükür, Azərbaycan vətandaşlığını ala bildim. Milliyə düşmək üçün oynamaq lazımdır. Mən bu gün mövsüm ərzində birinci dəfə idi ki, 90 dəqiqə oynadım. Keçən oyunlarda az çıxış etdim, ona görə də öz üzərimdə çox işləməliyəm və milliyə düşmək üçün bütün oyunlarda oynamalıyam.
– Yəni günahı özündə görürsən?
– 100 faiz.
– Bir müddət öncə bəzi futbolçular olub ki, komandalarında az oynasalar da milliyə çağırılıblar. Amma sən az oynasan da ümumi götürdükdə, faydalı iş əmsalın daha yüksəkdir. Səncə, səni milliyə niyə çağırmırlar?
– Mənə də dəhşət maraqlıdır ki, bu, necə olur. Arada bir mən də görürəm, fikirləşirəm ki, oyunçu zədəli olub və ya az çıxış edib, amma milliyə çağrılıb. Baxırsan ki, oyunçunun ikisi də az çıxış edib, ancaq milliyə birini çağırırlar. O, necə olur başa düşə bilmirəm.
Mirkamal Kazım