EN

İlham Əliyev Moskvada paradda iştirak edəcək - EKSPERT

Bu, təyyarənin vurulmasına görə Azərbaycanın Rusiyadan gözləntilərini Putinlə birbaşa təmasda gündəmə gətirmək imkanı yaradır

Xəbər verdiyimiz kimi, Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus rəhbəri Aleksandr Lukaşenko və Tacikistan dövlət başçısı İmaməli Rəhman Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar. 
Putin İlham Əliyevi Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib. Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Rusiya Prezidenti V.Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevə birbaşa yox, Lukaşenko və Emoməli Rəhmonla birlikdə zəng etməsi iki səbəbdən qaynaqlanır. Ekspertə görə, mümkündür ki, Moskvada ölkə rəhbəri İlham Əliyevin Qələbə paradında iştirak etməkdən imtina ehtimalı dəyərləndirilib: 

"Putin təyyarənin vurulması ilə bağlı ilkin hesabatın dərcindən sonra dövlət başçısı İlham Əliyevə zəng etməyib. Əgər Putin parada dəvət məqsədilə zəng etsəydi, Azərbaycan rəhbəri müzakirələrdə təyyarə məsələsinə də toxunacaq, Bakının haqlı tələblərini yenidən irəli sürəcəkdi. Azərbaycan liderinin paradda iştirakını istəyən Putin bu məsələdə müsbət irəliləyişin olacağına dair ən azı müəyyən sözlər verməliydi. Rusiya prezidenti təyyarə məsələsinin gündəmə gəlməməsi üçün dövlət başçısı İlham Əliyevə Lukaşenko və Rəhmonla birlikdə zəng etdi. Ölkə başçısı İlham Əliyev də paradda iştirak edəcəyini bildirdi. Bu, təyyarənin vurulmasına görə Azərbaycanın Rusiyadan gözləntilərini Putinlə birbaşa təmasda gündəmə gətirmək imkanı yaradır. Hətta Azərbaycan Prezidenti əks gediş edə, Putinin zənginə dəstək verən Lukaşenko və Rəhmonla birlikdə də bu məsələni müzakirə edə bilər".

Chosen
29
1
sherg.az

10Sources