EN

Fələstin səfirinin diplomatik fəaliyyəti başa çatıb

Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhmanla ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan–Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir səfirin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbriklərini çatdırıb və ordeni ona təqdim edib.

Görüşdə Azərbaycan ilə Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regional vəziyyət müzakirə olunub. Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həlli”nin tərəfdarı olduğunu hər zaman dəstəklədiyi, bu istiqamətdə əməli addımlar atdığı diqqətə çatdırılıb.

Səfir Nasir Əbdülkərim 14 ilə yaxın müddətdə Fələstinin dost Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını vurğulayaraq, Prezident tərəfindən ali ordenlə təltif olunmasına və ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

XQ

Chosen
32
21
xalqqazeti.az

10Sources