Bakı, 18 mart, AZƏRTAC
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma son matçında Malta ilə üz-üzə gələcək. “ASCO Arena”da təşkil olunacaq qarşılaşmanı portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edəcək. Görüş saat 13:00-da başlayacaq.
Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər. Son tur öncəsi Lüksemburq 6 xalla qrupun lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq, 2-3-cü yerlərdə qərarlaşırlar. Qrup sonuncusu Malta seçməsinin aktivində xal yoxdur.