Azərbaycan və BP şirkəti arasında tərəfdaşlığın yeni prioritetləri müzakirə edilib.
Moderator.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birgə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə keçirilmiş görüşdə aparılıb: “Görüşdə uzun illər davam edən uğurlu əməkdaşlığı məmnunluqla vurğuladıq. BP-nin ölkədəki fəaliyyəti və karbonsuzlaşma sahəsində işbirliyi imkanlarını müzakirə etdik”.
Nazirliyin yaydığı məlumatda isə deyilir ki, görüşdə BP-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr, o cümlədən son illər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə layihələrə dəstəyi yüksək qiymətləndirilib. Uğurlu əməkdaşlığın bundan sonra da tərəflərə fayda gətirəcəyinə əminlik ifadə edilib.
Görüşdə BP-nin Azərbaycanda hazırda davam edən əməliyyatlar və birgə layihələrlə bağlı əməkdaşlığa sadiqliyi diqqətə çatdırılıb. Qurumun Azərbaycandakı fəaliyyəti və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.