EN

Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Aznews.az xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə görüşüb, söhbət etdi.

Prezident İlham Əliyev: Salaməleyküm. Xoş gördük, bayramınız mübarək olsun!

Sakinlər: Salam, xoş gəlmisiniz, Sizin də bayramınız mübarək olsun, Ramazan bayramınız da mübarək.

Prezident İlham Əliyev: Necəsiniz?

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident, Sizinlə həmsöhbət olmaq bizim üçün şərəfdir. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Nə vaxt gəlmisiniz?

Kişi sakin: Biz mart ayının əvvəlindən - 3-dən buradayıq.

Prezident İlham Əliyev: Artıq yerləşmisiniz.

Kişi sakin: Bəli, yerləşmişik, çox gözəldir. İnanın ki, bura həmişə arzumuzda olub, o dağların arxasından buraya həsrətlə baxmışıq. İndi hər şey gerçəkliyə çevrilib.

Qadın sakin: Allah Sizdən razı olsun ki, bu günü bizə yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun. Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq.

Kişi sakin: Ədalət də bərpa olundu. Hamısı Sizin sayənizdə.

Qadın sakin: Allah Sizi qorusun, ailənizi qorusun. Sizin və güclü siyasətinizin sayəsində biz bu gün firavan yaşayırıq.

Digər kişi sakin: 33 ildən sonra bizi doğma Vətənə, ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda, elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır. Dediyiniz kimi, bu bölgələr bizim ulu babalarımızın vətəni olub. O cümlədən onu da qeyd edim ki, bizim əzəli və əbədi düşmənlərimiz bu bölgəni böyük güclər hesabına işğal etmişdir. Amma Sizin komandanlığınız altında Azərbaycan Ordusu cəmi-cümlətanı 23 saata işğala son qoymuşdur. Çox sağ olun, cənab Prezident, Siz Azərbaycan xalqının, o cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz.

Prezident İlham Əliyev: Sağ olun, biz tarixi ədaləti bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır. Həm də İkinci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Haqq-ədalət bizim tərəfimizdədir. Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. Bu gün Həsənrizdə İlaxır çərşənbə günündə görüşürük. Sizi, Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir, bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük məmnuniyyət doğurur.

Sakinlər: Sizin də bayramlarınızı təbrik edirik. Siz Ali Baş Komandan kimi Qələbəni təmin etdiniz.

Prezident İlham Əliyev: Allah şəhidlərimizə rəhmət eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik.

Kişi sakin: Bu kənddən çıxanda o Murov yolunda nə zillətlər görən camaat indi toy-bayramla qayıtdı. 34 ildən sonra hamı sevinclə buraya qayıtdı.

Prezident İlham Əliyev: O vaxt işğal dövründə camaat buradan Murov yolu ilə çıxmışdı?

Kişi sakin: Bəli, qoca qadın evdə yanıb, çarpayıda sümükləri qalmışdı. O, mənim nənəm idi. O cür əziyyətlər yaşamışıq.

Prezident İlham Əliyev: O tərəf, yəni artıq buradan keçmək mümkün deyildi, bağlanmışdı? Suqovuşan tərəf də bağlanmışdı?

Kişi sakin: Bütün buralar bağlı idi, yalnız Murov dağından Kəlbəcər tərəfdən nə zülmlərlə.

Prezident İlham Əliyev: Uzaq yoldu, neçə kilometr olar? 40-50 kilometr olar?

Kişi sakin: 58 kilometr hələ Kəlbəcərlə sərhədə qədərdir.

Digər kişi sakin: Şükür bu günə, Sizin, Ordumuzun sayəsində qayıtmışıq.

Prezident İlham Əliyev: Burada evlər bərpa edildi, yeni evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Cənab Prezident, ümumiyyətlə, burada 606 ev var. İlkin olaraq 92 evi təmir etmişik, 50 ailə artıq köçüb. Yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da iki mərhələdə 192 ev. Amma təklif edərdik ki, bütün infrastruktur bərpa edilsin.

Prezident İlham Əliyev: Bütün, hamısını. Bəli, hamısını. Siz təklif verin, onların hamısını bərpa edək. Çünki mənə verilən məlumata görə, artıq burada həm Həsənrizdə, həm də Kəlbəcər rayonunda yaşamış insanlar yerləşir.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Artıq buraya köçmək üçün 360 nəfər siyahıya alınıb.

Prezident İlham Əliyev: Bura çox gözəl, səfalı yerlərdir.

Kişi sakin: Şuşa ilə bərabər yerdir, relyefi də oxşardır.

Prezident İlham Əliyev: Bəli, Şuşadan üstünlüyü ondadır ki, Sərsəng su anbarı da var, orada balıq tutmaq olar. İş yerləri ilə bağlı nə işlər görülür?

Chosen
84
26
aznews.az

10Sources