1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində məşhur türkiyəli sənətçi, müğənni Ercan Saatçi da saxlanılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 57 yaşlı Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı səbəbə görə saxlanılıb.
Qeyd edək ki, müğənni 13 mart 1968-ci ildə İstanbulda anadan olub. Mandolina, akkordeon, kaman və türk xalq rəqsləri üzrə dərslər alıb. 1985-ci ildə "Ercan-Yavuz-Vahe" adlı qrup yaradıb və müxtəlif yarışmalarda mükafatlar alıb.
1988-ci ildə Türkiyədən "Eurovision" finalında iştirak etmək hüququ qazanıb. Həmin il universitetlərarası musiqi müsabiqəsinin qalibi olub. 1990-cı ildə TRT "Altın Anten Genç Besteciler" yarışmasında üçüncü olub.
Yarışmadan sonra "İzel-Çelik-Ercan" qrupunu yaradıb. 1990-cı illərdə "Grup Vitamin" adlı qrup yaradıb və bu heyətlə iki albom çıxarıb. Çelik qrupdan ayrıldıqdan sonra 1993-cü ildə "İzel-Ercan" adı ilə "İşte yeniden" albomunu çıxarıb.
Müxtəlif musiqi müsabiqələrində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib. Son olaraq 2024-cü ildən etibarən "Kanal D"də yayımlanan "Çok Akustik" proqramı ilə ekrana çıxıb.




