Bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 5, 7, 9, 11 ünvanlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətdə Novruz şənliyi təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, Novruz ərəfəsində abad məhəllə bayramsayağı bəzədilib və bayram ab-havası yaradılıb.
Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev ənənəvi olaraq bayram tonqalını yandırdıqdan sonra qəsəbə sakinlərini salamlayıb və onları Novruz bayramı münasibəti ilə təbrik edib.
Şənlikdə müğənnilər müxtəlif mahnılar səsləndirib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Bayram şənliyi sakinlərdə xoş ovqat yaradıb.




