EN

Tələbə yaz məktəbləri davam edir

Martın 24-dən başlayan “Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi”, “Math Camp 2025” və “IT və proqramlaşdırma üzrə yaz məktəbi” davam edir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Quba Tədris, İdman və İstirahət Mərkəzində keçirilən yaz məktəbləri Təhsil İnstitutu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi, “Path to Math” həvəskar riyaziyyatçılar klubu və “EESTEC Baku” tərəfindən təşkil olunub.


Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yaz məktəblərinin təşkilində əsas məqsəd iştirakçıların fərqli sahələr üzrə bilik və bacarıqlarını artırmaq, təcrübi təhsil imkanlarından faydalanmalarına və onların intellektual mühitdə inkişafına dəstək olmaqdır.

İlk iki gün ərzində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar ekspertlər tərəfindən aparılan təlimlərə, interaktiv müzakirələrə və praktiki məşğələlərə qatılıblar.

Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi çərçivəsində qlobal geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərdə əsas amillər və regional əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Math Camp-2025” çərçivəsində riyaziyyatın nəzəri və tətbiqi aspektləri, eləcə də müxtəlif riyazi modellərin real həyatda istifadəsi mövzularında praktiki məşğələlər keçirilib.

IT və proqramlaşdırma üzrə yaz məktəbi çərçivəsində isə müasir proqramlaşdırma dilləri, süni intellekt və böyük verilənlər (Big Data) sahəsində intensiv təlimlər təşkil olunub.

İlk iki gün ərzində keçirilən sessiyalar iştirakçıların elmi araşdırma, analitik düşünmə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb. Təlimlərin sonunda iştirakçılar qrup işləri, təqdimatlar və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.

Yaz məktəbləri martın 28-dək davam edəcək.

Chosen
69
13
ekologiya.az

10Sources