RU

Avqustun 30-da bu tanınmış şəxsiyyətlər xatırlanır

Avqustun 30-u bir neçə şəxsiyyətin doğum və anım günləri ilə yadda qalıb.Missiya.Az onları təqdim edir:

Bu gün yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti Əhməd İsayevin anadan olduğu gündür.

O, 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində dünyaya göz açıb. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında çalışıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970–1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində fəaliyyət göstərib. 1990–1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiri kimi çalışıb.

1957-ci ildən mətbuatda çıxış edib: tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verib. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Ə. İsayev 26 dekabr 2021-ci ildə vəfat edib.

Avqustun 30-u Azərbaycan hərbçisi, Milli Qəhrəman Rövşən Əliyevin isə doğum günüdür. 

O, 1972-ci ilin bu günü Bakıda doğulub. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin may ayında könüllü olaraq orduya yazılıb.Vətənə bağlı olan igidimizin döyüşlərdə iştirakına gəlincə, Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taboruda döyüş meydanına atılıb. Savaşlarda Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad olunmasında yaxından iştirak edib. O, 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz gedən döyüşlər zamanı şəhadətə ucalıb.Qeyd edək ki, şəhidimiz subay idi.Qəhrəmanımız ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bu gün həm də Azərbaycan polkovniki, Milli Qəhrəman Sergey Murtuzəliyev şəhidlik zirvsinə yüksəldiyi gündür.O 1963-cü il 17 noyabr Bakının Pirallahı qəsəbəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olub. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alıb. Sergey polkovnik-leytenant rütbəsinə də layiq görülüb.

Qəlbi hər an Vətən eşqi ilə döyünən bu qəhrəman Qarabağa ilk uçuş edənlərdən biri olub. Dəfələrlə döyüş zonasına uçuşlar edib, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərib. Sergey onlarla erməni faşistini məhv edib və zirehli texnikasını sıradan çıxarıb. Vətən övladının adı daim dillərdə gəzib, əfsanəyə çevirilb. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı. Hamı onun Sergey olduğunu bilərdi.Cəsur savaşçı 30 avqust 1993-cü il təlim uçuşu zamanı kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğrayıb və faciədən xilas ola bilməyib. Evli idi, ondan iki övladı yadigar qalıb.Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Murtuzəliyev Sergey ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.Tanınmış şair, jurnalist Şahmar Əkbərzadənin də avqustun 30-u anım günüdür.Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirib. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olub, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirib. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib, 1968-ci ildə Bakı şəhərinə köçüb və "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb. "Kommunist" qəzetində də müxbir və şöbə müdiri olub.

1990-cı ildə "Mədəniyyət" qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru olub.Şahmar Əkbərzadə 2000-ci ilin bu günü Bakıda dünyasını dəyişib. Şeirlərinə: "Qarabağsız Qarabağlı", "Dayanın!", "Özün özgənin", "Qrimləyir", "Yollar", "Təzə nağara", "Allah amandır!" və s. daxildir.

Zərintac MayisqızıMissiya.Az

Избранный
207
50
missiya.az

10Источники