16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təşkil olunmuş “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, yığmamız Ərzurum şəhərində keçirilən turnirdəki üçüncü sınağında Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində keçirilmiş matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Həlledici zərbələrdə Qırğızıstan seçməsi daha dəqiq oynayaraq (4:2) qələbə qazanıb.
Xatırladaq ki, U-16 yığmamız bu turnirdəki ilk sınağında Türkmənistanın U-17 milli komandasına 0:3, ikinci oyununda isə Türkiyə millisinə 0:6 hesabıyla uduzmuşdu.