RU

ABŞ Ermənistandan ikili təyinatlı mal ixracını ciddi nəzarətə götürür- hədəf Rusiyadır...

Image

Əli Orucov: “Bütün bunlar Trampın sanksiya məsələsində Rusiyaya qarşı nə dərəcədə qərarlı olmasından asılı olacaq”

Xəbər verdiyimiz kimi, yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.

Həmin xartiyada deyilir ki, ikili təyinatlı məhsullar üzərində nəzarət olmalıdır və ikitərəfi işçi qrup olmalıdır: “Ermənistan və ABŞ ikili təyinatlı ixrac nəzarətinə riayət olunmasını gücləndirmək, siyasət çərçivələrini əlaqələndirmək və məlumat mübadiləsini gücləndirmək üçün işçi qrup yaratmaq niyyətindədir”.

O da məlumdur ki, ABŞ Ermənistanın Rusiya ilə bağlı sanksiyalara əməl etmədiyinin fərqindədir. Bununla bağlı ABŞ-da ciddi şübhələr var. Çünki Rusiya sanksiya altında olan məhsulları Ermənistandan alır və bəzi ixrac əməliyyatlarını da İrəvan üzərindən həyata keçirir. 

Maraqlıdır, yeni administrasiya bunu nəzarətə götürəcəkmi? Tramp administrasiyası bununla bağlı nə kimi perspektiv vəd edir?

“Bayden administrasiyası Ermənistanın sanksiyalardan yayınmasını görməzdən gəlirdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, bütün bunlar Trampın sanksiya məsələsində Rusiyaya qarşı nə dərəcədə qərarlı olmasından asılı olacaq: “Əvvəla, Blinkenlə Mirzoyan arasında imzalanan sazişə çox da ciddi yanaşmaq doğru deyil. Ola bilsin ki, Tramp bunu ciddiyə almasın. Çünki o, birinci prezidentliyi dövründə ABŞ-ın imzaladığı bir sıra sazişlərdən çıxdı. Ona görə də düşünmürəm ki, Tramp bu sənədə xüsusi önəm versin. Ancaq fakt ondan ibarətdir ki, Bayden administrasiyası Ermənistanın sanksiyalardan yayınmasını görməzdən gəlirdi. Bunu bilə-bilə edirdilər. Çünki bu məsələdə həm erməni lobbisinin maraqlarından çıxış edirdilər, həm də Ermənistanın bundan iqtisadi baxımdan faydalanmasını istəyirdilər. Yoxsa istəsəydilər, dərhal buna müdaxilə edərdilər. Halbuki, Bayden dönəmində Ukraynaya güclü hərbi və iqtisadi yardımlar edilib. Rusiyanın Ukraynaya təcavüzü başlayıb və tərəflər arasında üç ildir dağıdıcı müharibə gedir. Bütün bunlara rəğmən, Bayden administrasiyası Rusiyanın Ermənistan vasitəsi ilə sanksiyalardan yayınmasına mane olmadı. Ancaq digər ölkələrə gəldikdə isə, onlara xəbərdarlıq mesajı göndərildi. Məsələn, dəfələrlə buna görə Qazaxıstan tənqid edilib, sanksiyalarla hədələnib. Ermənistana gəldikdə isə qulaqlar kar, gözlər isə kor oldu. Fikrimcə, eskalasiya dayanmasa, yeni administrasiya ikili təyinatlı məhsullarla bağlı Ermənistandan tələbləri artıracaq. Bayden kimi onların nazı ilə oynamayacaq”.

Vidadi ORDAHALLI





Избранный
16
baki-xeber.com

1Источники