Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs rus dilində tərcüməçi, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Məhkəmə hazırlıq iclasında zərərçəkmişlərin, onların hüquqi varislərinin bir hissəsi və onların müdafiəçiləri də iştirak ediblər.
Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilinin vəsatətlərinə baxılıb.
Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət işinin materialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinə səmərəli hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsini məhkəmədən xahiş edib.
“Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq istəyirəm”, - deyə o əlavə edib.
R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə tanış olmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilən şəxsin öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquq ədəbiyyatlarına çıxış imkanı yaradılmasını xahiş edib.
Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət bildirib.
Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaət prinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bu günə qədər iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verildiyini, o cümlədən ötən prosesdə təqsirləndirilən şəxsin vəsatəti əsasında istintaq materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının müddətinin lüzumsuz uzadılmasına qarşı çıxıb.
Daha sonra dövlət ittihamını müdafiə edən digər prokuror çıxış edərək vurğulayıb ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmayıb, ittiham aktı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilib, məhkəmə aidiyyəti qaydalarına riayət olunub.
Nəticədə prokuror təsirləndirilən şəxsin ittiham olunduğu maddələr üzrə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini, habelə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.