Namizədlər arasında partiya mənsubiyyəti baxımından müxtəliflik mövcuddur.
Bunu “Report”a açıqlamasında 17 saylı Yasamal üçüncü seçki dairəsinin 13 saylı seçki məntəqəsinin sədri Telman Məmmədov deyib.
Onun sözlərinə görə, məntəqə üzrə 1215 seçici qeydiyyatdadır:
“Bitərəf və müəyyən partiyalara məxsus olan yeddi müşahidəçi səsvermənin gedişini izləyir. Məntəqəmizdə 1215 seçici qeydiyyatdadır və eyni sayda seçki bülleteni almışıq. Seçkidə mübarizə aparan 37 namizəddən 19-nun Yasamal bələdiyyəsinə seçilmək hüququ var.
Namizədlər arasında partiya mənsubiyyəti baxımından müxtəliflik mövcuddur. Bu saata qədər təxminən 45 nəfər səsvermə hüququndan istifadə edib. Ən yaşlı seçicimiz 1934-cü il təvəllüddür. Məntəqəyə veb-kamera quraşdırılmayıb”.
Həmin məntəqədə səsverməni izləyən müşahidəçi Nigar Qurbanzadə prosesin şəffaf getdiyini bildirib:
“23 yaşım var, müşahidəçi qismində bitərəf kimi şəxsi təşəbbüsümlə iştirak edirəm. Seçki prosesi şəffaf keçir. Gün yeni başlayır, bu vaxtadək heç bir problem yaranmayıb”.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.