Türkiyənin “Fənərbağça” klubu Sebiyanın “Srvena Zvezda” klubundan Oqnyen Mimoviçlə razılığa gəldiyini açıqlayıb. Yeniavaz.com xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytında məlumat yayıb. Məlumata görə, serbiyalı futbolçu “Fənərbağça” ilə müqavilə imzalamaq üçün İstanbula gəlib. Klub rəsmi saytında 20 yaşlı müdafiəçinin təyyarədən fotosunu yayıb. Klubun məlumatına görə, oyunçu əvvəlcə tibbi müayinədən keçəcək və daha sonra müqavilə imzalayacaq. Qeyd edək ki, gənc oyunçu “Srvena Zvezda”nın heyətində bu mövsüm 18 matçda meydana çıxıb və 1437 dəqiqə meydanda olub. 20 yaşlı futbolçu bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, “Transfermarkt” portalına görə, Mimoviçin bazar dəyəri 4 milyon avrodur. O, müdafiənin sol və yarımmüdafiənin sağ cinahında da oynaya bilər.