“Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub”.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası açıqlama yayıb.
Bildirilib ki, manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib.
“Kampaniyada “Facebook” platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılması metodundan da istifadə olunub. “Nə var, Nə yox?”, “Bizim Azərbaycan”, “Azerbaijan Daily”, “Xəbərlər və Hadisələr”, “Yerli media” və sair adlar altında fəaliyyət göstərən səhifələri nümunə kimi göstərmək olar.
Misal olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza ilə bağlı internet resurslarda kütləvi formada aparılan media kampaniyasının təhlili zamanı hadisənin başvermə səbəbi ilə bağlı reallığı əks etdirməyən yayındırıcı tezislərin “xəbər” resursları və internet botlar (Qeyd: avtomatlaşdırılmış tapşırıqları icra edən proqramlar) tərəfindən klasterlər formasında kütləvi surətdə yayıldığı aşkar olunub.