Həyətdə İsa peyğəmbərin həyata gəldiyi ağappağ, mübarək, lakin soyuq yanvar ayı idi. Qar dənəçiklərini brilyant kimi cilolayan günəşin istisi dayanmadan çaq-çaq edən dəyirman ətrafında qartopu oynayan uşaqlara da enerji verirdi. Ara-sıra uşaqların dəqiq atılmayan qartopuları köhnə taxta dəyirmanın pərlərinə dəyəndə sanki cavab qaytara bilməməyindən küsən bu yel karxanası əcaib səslər çıxarırdı. Lakin bu dəfə 10 yaşlı Səadətin incə əlləri ilə atdığı balaca qartopu dəyirmanın pərinə dəyəndə möhkəm bir səs kəndin sakit həyatını "qamaşdırdı". Bu dəhşətli səsin istiqaməti ilə başlarını göyə qaldıran uşaqlar anladılar ki, bu artıq köhnə dəyirman deyil, başlarının üzərindən uçan vertolyotun pərlərindən gələn gürültudur. Vertolyot mühərrikinin bərk səsi təkcə Səadətin kəndində deyil, bütün Qarabağın dumanlı dağlarında əks-səda verirdi. Vertolyot motorunun əzəməti qarşısında titrəyən pərlər sanki öz yükünü hiss edir, insan talelərini göy üzündə daşımağın ağırlığından şikayətlənirdi. Vertolyot lopa pərləri ilə soyuq havanı parça-parça edərək Ağdamdan Şuşaya aparan yolu azaldırdı, qoynunda yalnız sərnişinləri deyil, həm də onların ümidlərini, dualarını, arzularını daşıyırdı.Vertolyotun içində oturanlar bir az həyəcanlı, lakin kifayət qədər sakit idilər. Hər kəs öz dünyasında idi – bəziləri düşüncələrində uzaqlara uçur, bəziləri isə düşüncələrindən uzaqlaşırdı. Uzun oturacağın sonunda yol çantasını qabar əlləri ilə özünə tərəf çəkərək əyləşmiş Sədaqət xanım pəncərədən aşağı baxırdı. Elə bil bir anlıq onun baxışı ilə nataraz qartopunu dəyirmana atan balaca Səadətin baxışı qovuşdu. Sədaqət xanım yerdə oynayan uşaqları görüb evdə onu gözləyən oğlu Elmanı, az sonra onunla görüşüb xoşbəxt olacağını düşünürdü. Lakin nakam ana bilmirdi ki, vaxt əslində onun əleyhinə işləyir. Sədaqətin gözləri şirin xəyallarla doldu və onların ağırlığı altında gözəl təbiət, kənd, uşaqların oyunu, bir sözlə, cənnət mənzərəsini təsvir edərək kipriklərini qapadı. Taleyin qəfil şilləsi onu gözlərini yenidən açılmağa məcbur etdi… Sədaqətin gözünün qarşısındakı cəhənnəm alovu idi. Lakin salondakı insanların çırpınması, ümidsizliyi, gözlərindəki aydınlıq onların cəhənnəm sakinləri olmamasının təzahürü idi. Ətrafdakı alov dilimləri, sərnişinlərin qışqırtısı, qaynar metalın çatlaması nəticəsində yerindən qopub güllə kimi sağa-sola vıyıldayan göyərtənin pərçimləri qarşısına çıxan insan vicudunu cıraraq sarı yanğın xaosuna qırmızı qan rənglərini qatırdı.Sədaqət güclə yerdən qalxaraq, gözlərini yandıran şor qanını sildiyi əlini pəncərəyə sıxdı, onun titrəyən dodaqları dayanmadan dua pıçıldayırdı. Amma bu dualar onun ağzından çıxan kimi yanırdı, külə dönürdü. Bu dözülməz bəladan xilas olmaq üçün ağsaçlı kişi partlayış zamanı qırılıb naməlum istiqamətdə uçan qapı tərəfə sürünərək aşağı baxdı… O yüksəklikdən yerə baxmaq – həm ümid, həm də ümidsizlik idi. Hündürlükdən yer ona son çarə kimi göründü və o, içindəki bütün qorxulardan bezərək özünü boşluğa atdı. Onun ardınca daha bir kişi xilas olmaq üçün boşluğa atıldı. Amma o 300 metrlik boşluq onları xilas etmədi, əksinə, onları daha da dərin bir qaranlığa sürüklədi. Kim bilir, bəlkə də onların son dualarından sonra partlayan ürək parçaları hələ də Qarabağın səmasında ulduzlar arasında rahatlıq axtarışında dolaşır...O gün səma çox sakit və qucağında baş verən dəhşətli səhnəyə laqeyd idi. Birdən-birə qopan külək vertolyotu iblisin əlindən alaraq yerə çırpdı ki, diri-diri yanan sərnişinlərin canını almaqla onları bu bəladan xilas etsin. Sədaqət hələ də, çat-çat olmuş aynadan şüşəyə dönmüş gözləri ilə uzağa baxırdı. Bir anda onun yol çəkən gözləri qırpındı, küləyə qarışan ümidləri və arzuları külə çevrilib dağ yamacına səpələndi. 44 nəfərin həyatı bir göz qırpımında, İsa peyğəmbərin peyda olduğu mübarək qış günü sanki küləkdə uçan yarpaqlar kimi puç oldu. Belə təəssurat yaranırdı ki, Qarabağın bu küləyi hər şeyi yox etməyə çalışırdı, amma o qışqırtıları, iniltələri, o sarsıntıları silmək mümkün deyildi. Əksinə, sanki hər bir külək dalğası bu faciəni dağların yaddaşına həkk etdirirdi...Vertolyot artıq yox idi – ondan yalnız kül, metal qırıntıları və göylərdə itən arzular qalmışdı. Nə vaxtsa motorunun gücü ilə göyləri əsdirən nəhəng hava gəmisi zəif tüstülənən qalıqları ilə torpağı qaraltmaqla birlikdə, sərnişinlərinin hekayələrini də söndürmüşdü.Amma bu son deyildi. Bu, sanki daha böyük bir dəhşətin xəbərçisi idi – insanların bir-birinə etdiyi amansızlıqların bitməz, tüstü ilə örtülmüş bir ayıbı idi…
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта