RU

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

“Landmark” Biznes Mərkəzində kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin, Azərbaycan şahmatında böyük xidmətləri olan Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov turnirin əhəmiyyətindən söz açıb. O bildirib ki, bu çempionat digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir: "Azərbaycan şahmatında müxtəlif dövrlər olub. Ancaq ilk dəfədir ki, ölkənin ən güclü şahmatçıları bir çempionatda toplanıb. Bizim hesablamalarımıza görə, bu, Azərbaycanın kişilər arasında 80-ci, qadınlar arasında isı 75-ci çempionatıdır. Çempionat şəffaf keçməsini və neqativ hallar olmamasını istəyirik. Ötən il etik prinsiplərlə bağlı təsdiqlədiyimiz sənəddə qeyd etmişdik ki, Azərbaycan çempionatlarında iştirak etməyən şahmatçılar federasiya tərəfindən nəzərdə tutulan dəstəkdən yararlana bilməyəcəklər. Sevindirici haldır ki, bu məqam şahmatçılarımızın qərarına təsir edib. Bu gün burada ölkə hüdudlarından kənarda yaşayan şahmatçıları da görə bilirik".

Daha sonra Ulu Öndərin şahmata qayğısından bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxışında ölkə başçısının idmana qayğısından söz açıb: "Bu gün Azərbaycanda idmana xüsusi diqqət var. Şahmata gəldikdə isə bu idman növü son dövrlərdə ölkəmizdə çox populyarlaşıb. Demək olar ki, Bakının bir çox ərazisində şahmat məktəblərini görmək olar. İnanıram ki, bundan sonra da şahmatda yaxşı nəticələrimiz qeydə alınacaq. Çünki federasiyamız çox yaxşı işləyir. Bugünkü təşkilatçılığı baxanda çempionatın səviyyəsininin necə yüksəldiyini görə bilirik. Fikrimcə, çox maraqlı çempionat izləyəcəyik".

Daha sonra püşkatma mərasimi baş tutub.

Qeyd edək ki, çempionat fevralın 15-dək davam edəcək. Kişilərin çempionatı Olimpiya sistemi üzrə 26 zəka sahibinin iştirakı ilə təşkil olunacaq. Qadınların mübarizəsində isə 16 şahmatçının iştirak edəcək.

Yarışın ümumi mükafat fondu 90 min manat təşkil edir.

Aytac Sahəd
İdman.biz

Избранный
19
idman.biz

1Источники