"Apple"ın baş icraçı direktoru Tim Kuk 2025-ci maliyyə ilinin birinci rübü üzrə hesabat zamanı investorlarla görüşü zamanı gələcək "iPhone" modellərinin innovativ formalarına dair suala cavab verib.
Valyuta.az xəbər verir ki, bu barədə MacRumors portalı məlumat yayıb.
Adətən Kuk maliyyə hesabatlarında gələcək məhsullar barədə açıqlama vermir, lakin bu dəfə istisna edərək optimist proqnozlar səsləndirib. Onun sözlərinə görə, "Apple"ın qarşıda hələ çox yeniliyi var.
Şayiələrə görə, "Apple" "iPhone 17 Air" adlı ultra-nazik smartfon hazırlayır. Bu model "Plus" seriyasını əvəz edəcək. Gözləntilərə əsasən, cihazın qalınlığı cəmi 5-6 mm təşkil edəcək ki, bu da onu indiyə qədərki ən nazik "iPhone" edəcək.
Bundan əlavə, Kukdan M4 çipinə malik "iPad Pro"nun nazik dizaynının satışlara təsir edib-etmədiyi barədə də soruşulub. O, bu amilin satış artımına səbəb olmadığını bildirib. Onun sözlərinə görə, "iPad Air" və "iPad" modelləri satışların 15% artmasına səbəb olub. Bu, böyük ehtimalla flaqman planşetin yüksək qiyməti ilə bağlıdır.
Gözlənilir ki, "iPhone 17 Air" flaqman "Pro" modellərindən daha ucuz olacaq. Bu isə onun bazarda populyarlığını artıraraq daha geniş auditoriyaya çatmasına kömək edə bilər.
Paşa Məmmədli