![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/1738336131_manat_850.webp)
Firdovsi Şahbazov: “Kredit faizlərini ona görə aşağı salmırlar ki, bank sektorunda rəqabət yoxdur”
Əhalinin banklardakı əmanətlərinin həcmində 2021-ci ildən etibarən davamlı artım tendensiyası müşahidə olunur. Mərkəzi Bankının məlumatına görə, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 661,9 mln. manat təşkil edib ki, bu da indiyədək olan ən yüksək göstəricidir.
Burada diqqət çəkən məqam odur ki, əvvəllər banklar ehtiyatların az olduğunu bəhanə edərək kredit faizlərini aşağı ala bilmədiklərini bəyan edirdilər. Artıq neçə ildir banklarda əmanətlər artır. Ki banklar da həmin depozitləri kredit kimi verirlər. Bankların təklif etdiyi kreditlərin böyük hissəsi məhz bu əmanətlərdir. Ancaq bir belə banklara qoyulan əmanətlərin həcmi artsa da, verilən kreditlərin faizləri aşağı düşmür. İstər istehlak, istərsədə biznes kreditləri yüksək faizlə verilir. Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard 001,4 milyon manat təşkil edib. Bankların aktivlərinin 25 milyard 925,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Azərbaycanda əmanətlərin böyük hissəsi 3 bankdadır. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank və Paşa Bankdır. Ən yüksək əmanət faizləri Azərbaycan Beynəlxalq Bankı, Bank BTB, Bank VTB, Unibank, Ekspressbank və Yelobankdır. Ümumilikdə, ötən il bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 105.9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21faiz çoxdur.
Ancaq kredit faizləri aşağı-yuxarı eynidir. Məsələn, ABB məbləğindən asılı olaraq 10-26 faiz arasında kredit verir. Kapital Bank 11 faizdən başlayaraq kredit verir. Bu, kreditin həcminə görə 20 faizədək dəyişir. Bank of Bakuda da oxşar vəziyyətdir.
Maraqlıdır, banklara qoyulan əmanətlərin həcmi artır, bankların xalis gəlirləri artır, o zaman kredit faizləri niyə azalmır?
“Ən başlıcası isə, böyük xarici bankların ölkəmizdə fəaliyyəti təmin edilməlidir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bankların kredit faizlərini aşağı salmamasını bir sıra amillərlə əlaqələndirdi: “Kredit faizlərini ona görə aşağı salmırlar ki, bank sektorunda rəqabət yoxdur. Faizlər o zaman aşağı salınır ki, banklar arasında rəqabət olur. Bizdə bundan əsər-əlamət demək olar yoxdur. Aparıcı banklar öz aralarında sövdələşərək kredit faizlərini müəyyən edirlər. Bu səbəbdən dəfələrlə bizdə kredit faizlərinin yüksək olması tənqid edilsə də, bunun bir faydası olmayıb. Bunun üçün gərək Mərkəzi Bank digər banklara təzyiqləri artırsın. Eyni zamanda, öz ehtiyatları hesabına bankların ucuz kredit resurslarına çıxışını təmin etsin. Ən başlıcası isə, böyük xarici bankların ölkəmizdə fəaliyyəti təmin edilməlidir. Onların bizdə filyalları olmalıdır. Hesab edirəm ki, o halda bazarda həm kredit təklifi artacaq, həm də kredit faizləri aşağı düşəcək. Nəticədə indiki kimi kredit götürənləri banklar yüksək faizlə istismar edə bilməyəcəklər. Ona görə də sözügedən məsələlər öz həllini tapmadan kredit faizləri aşağı düşməyəcək”.
Vidadi ORDAHALLI