RU

Şənbə üçün nəzm

Elə intəhasız darıxıram ki...

Dilimdə ən şirin sözüm darıxır.

Nəmli kirpiyimin sığal çəkdiyi,

Çuxuru göllənmiş gözüm darıxır.

Elə intəhasız darıxıram ki...

Bu şəhərin mənəm qərib sakini.

Qayğılardan yosun tutmuş ürəyim,

Qarışdırmış nifrət ilə sevgini.

Elə intəhasız darıxıram ki...

Uzaq düşər sevinc, kədər boylanar.

Pəncərəmi xısın-xısın döyəclər

Qaranquşu yola salan son bahar.

Elə intəhasız darıxıram ki...

Üzərimdə nakam arzu kölgəsi.

Bu dünyaya ruhum sığmır əzəldən,

Yəqin, odur darıxmağın bəlkəsi.

***

Sənsiz daha bilmirəm,

Kiməm, nəyəm, nəçiyəm.

Sənə qovuşmaq üçün

Hər ölümə elçiyəm.

Səni üşüdər deyə

Sevmirəm qışda qarı.

Ömrüm saralmış xəzəl,

Gözləmirəm baharı.

Səslə məni sən yenə

Yuxumun şirin vaxtı.

Durum sarılım sənə,

Ürəyim çox darıxdı.

Sinəmdən çəkib ürək

Canımdan can qopdu, bil.

Sənsiz yaşanan ömür

Zülümdür, ömür deyil.

***

Soruşma heç nə, ay ana,

Dərdləşən qızın deyiləm.

Mən payıza tay biçildim,

Çiçəkli yazın deyiləm...

Gecəmdən qaçaqdı yuxu,

Səhəri diri açıram.

Mənə nigaran boylanan,

Baxışlarından qaçıram.

Nazımı gəl, çəkmə daha,

Nazından da utanıram.

Sən tanıdığın əvvəlki,

Qızından da utanıram.

Daha yoxdur o güc məndə,

Qoynumdan çıxmayır əlim.

Başımı qoyum dizinə,

Qalxma, doyunca dincəlim...

***

Bir şeir yazdım sənə,

Həsrət qoxdu, qəm qoxdu.

Kimsə adını çəkdi

Ürəyim çox darıxdı.

Yenəmmədim qüruru,

Ağlamaq da çətindir.

Sabah çox gec olacaq,

Vaxtın varsa gəl indi.

Bu şəhər sənsiz bomboş,

Mənası yox heç nəyin.

Çox şeyi dəyişdirər,

Bircə dəfə gəlməyin.

Nigaranlığım keçər,

Gözüm yoldan yığılar

Arxayın olub qalma,

Hər anın öz hökmü var.

***

Viranə könlümdə bayquş ulayar,

Uğrayar səmtimə nə yaz, nə bahar.

Unudulmağın da bir zamanı var,

Nə tez unutdun məni.

Kimə gileylənim, kimə dərd yanım,

Bilməm kimi düşmən,

kimi dost sanım.

Ay Məni hamıdan tez anlayanım,

Nə tez unutdun məni.

Sözə ümidlənib, səsə sığındım,

Ən çox güvəndiyim kəsə sığındım.

Deyilmiş ürəkdə əbəs sıxıntım,

Nə tez unutdun məni.

Bir quru hal xoşu, salamı kəsən

Əhsən yaddaşına qəlbinə əhsən,

Sən ki unutmağa həvəsliymişsən

Nə tez unutdun məni.

KİM ALDI?

Bütün olmaz nə var cəm olmuş məndə,

Bütün olmazlara oldu deyən mən.

Baxdım ki, ortada bir mən qalmamış,

Bütün olmazlara oldu deyəndən.

Qırılmış ruhumun qolu, qanadı,

Məndə mənə aid arzu, dilək yox.

Əlimi qoydum hey sinəmin üstə,

Duyğuyla yaşayan həzin ürək yox.

Hanı arzuları özündən göyçək?

Xəyalı göylərdə pəmbə buludlu.

Kim aldı qəlbimdən o qəhrəmanı?

Bu qız o saf qızı harda unutdu?

Aysel Nəsirzadə

Избранный
4
yeniazerbaycan.com

1Источники