RU

İran və Fransa arasında yaxınlıq var - Fazil Mustafa

Yazını böyüt
Yazını kiçilt

Tehranda Azərbaycan Səfirliyinə qarşı törədilən terror aktından iki il keçir. Hadisə ətrafında müəyyən “nağıllar” uyduran İran günahkarların cəzalandırılması üçün heç bir addım atmır, əksinə, bu günə hədələyici, təhqiredici çıxışlarına davam edir. İranın Azərbaycana qarşı apardığı ideoloji hücumlar açıq müstəviyə keçib. Müsahibimiz Milli Məclisin deputatı Fazil Mustafadır.

- Səfirliyimizə hücumla bağlı məsələdə müəyyən addımların atılması ilə müşahidə olunur. Həmin şəxsin edam olunması ilə bağlı məhkəmə qərarı təsdiqləndi və indi bunun icrası məsələsini gözləməkdəyik. Təbii ki, bu, icra olunandan sonra artıq digər məsələlər üzərində dayanmaq mümkündür. Hər halda bu addımın atılması bizim tələblərin başında gəlirdi və mütləq bu addım atılmalı idi. Bununla bağlı konkret mərhum Orxan bəyin ailəsi də mövqeyini bildirdi və bundan sonra heç bir bəhanə qalmadı. Çox güman ki, bunu gerçəkləşdirəcəklər. Əks halda bu, qeyri-ciddi bir yanaşma olardı. Ümid edirəm ki, bundan sonra bunu hansısa mürəkkəbləşmiş bir məsələyə çevirməyə çalışmayacaqldar.

- Azərbaycanın İranla bağlı dostluq təkliflərinə, mesajlarına verilən əks-reaksiyanın pərdəarxasında dayanan tarixi faktlar, məqamlar nə ilə bağlıdır?

- Ümumiyyətlə, İranda bəzi qüvvələrin azərbaycanlılarla münasibətləri pozmağa yönəlik davranışları kifayət qədər genişdir. Bu da ənənəvi siyasətdən gələn bir addımdır. İndiyə qədər Ermənistana dəstək veriblər. Bu dəstəyin perspektivsiz olduğunu anlayırlar. Bunun hansısa bir şəkildə etirafını etmək yerinə, bəzən daha çox Azərbaycan üzərinə yüklənməyə yönəlirlər. Bu da yanlış bir düşüncədən qaynaqlanır. Sağlam məntiqli yanaşma olsa, əslində, Azərbaycan İranla hansısa bir problem yaşamaq istəməyən bir ölkədir. Prinsipcə, İran da bunu istəməməlidir. Qaşınmayan yerdən qan çıxarmaq, Azərbaycanla təhdid dilində danışmaq, Azərbaycana müəyyən hədələr yağdırmaq dostluğa uyğun olmayan davranışlardan xəbər verir. Azərbaycanın İranla müəyyən qonşuluq prinsiplərinə uyğun olaraq dəfələrlə çağırışları olur. Bu çağırışlara münasibət isə arzuolunan səviyyədə deyil. Ona görə də indi biz daha çox iqtisadi əməkdaşlıq üzərində fikirlər söyləyirik. Daha çox siyasətin bu işə müdaxiləsi bir çox hallarda problemlər yaradır. Biz qonşu ölkəyik, qonşu kimi də bir-birimizin iqtisadi maraqlarını düşünərək addımlar atmalıyıq. İndi kimdə hansı rejimdir, kim hansı düşüncəni daşıyır, bu orada yaşayan xalqı maraqlandıran məsələdir. Bizi maraqlandıran qonşuluğa zidd olan addımların atılmamasıdır. İran buna əməl eləsə, belə bir problem də ortada qalmaz.

- Zəngəzur dəhlizinin açılması İranı niyə qorxudur və bu məsələ onu Ermənistanla nə dərəcədə yaxınlaşdırır?

- Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı İranın arqumentləri tam əsassız və müəyyən dərəcədə ciddi səslənmir. Azərbaycan hansısa bir, hətta İranla sərhəddə kommunikasiya xəttini açırsa, İran buna sevinməlidir. Bu, həm də İran üçün bir alternativ xəttin olmasıdır. Buna qarşı bir dirəniş göstərməyin məntiqi izahı yoxdur. Sözügedən məsələdə ən çox itirən İrandır. Bir dövlətin qonşuluqda öz etibarını itirməsi normal addım sayılmır. Yəni, bunu düşünməlidirlər. Azərbaycanla da bağlı münasibətləri daim yaxşı saxlamağa maraqlı olmalıdırlar.

- İran Fransa ilə bərabər 44 günlük müharibədə Azərbaycana qarşı hansı mövqedə dayandı?

- İran və Fransa arasında bir yaxınlıq var. ABŞ ilə  də mövqeyi bu məsələdə üst-üstə düşür. Ermənistanı dəstəkləmək və Azərbaycana qarşı müəyyən məsafəli, həm də hədələyici bir üslubda addımlar atmaq, danışmaq siyasətinə yönəliblər. Bunu da dəfələrlə gördülər ki, bir nəticəsi yoxdur.  Azərbaycan kifayət qədər güclü bir dövlətdir və istənilən qüvvənin qarşısında dura bilər. Yəni bu siyasətdən əvvəl axır İran da Fransa da mütləq uzaqlaşacaqlar. Onların başqa seçimləri yoxdur. Əks halda, bu bölgədə özlərinin hər hansı bir şəkildə maraqlarını təmin etmək imkanından məhrum olacaqlar.

Qədim dövlət ənənəsinə malik olan İran, artıq kiçik bir Ermənistanın girovuna çevrilib. Bütün məsələlərdə də Ermənistanın istədiyi üslubda, istədiyi siyasi xəttə danışmağa üstünlük verir. Bizim tərəfimizdən də bu, məqbul sayılmır. Ona görə də nə din prinsipi ilə, nə də ki, insanlıq prinsipi ilə yolverilməz olduğunu da biz dəfələrlə diqqətlərinə çatdırmalı oluruq.

- Bu gün İranın 5-ci kolonu öz fəaliyyətini nə dərəcədə gizlədir, yaxud açığa çıxarır?

- İran Azərbaycan içində təxribatçı addımlarını təbii ki, davam etdirir. Biz də bu vətəndaşlarımızın, ümumiyyətlə bu yalanın üzərində nə qədər böyük bir illuziyalar yaşadığını görürük. İran inqilabından sonra bizdə bir xəstə nəsil yetişdi. Sanki ədalət bərpa olacaq, sanki insanlıq azadlığa çıxacaq. Sonra, İranda olanları görəndən sonra insanların xeyli hissəsi hətta dindən uzaqlaşmalı oldular. İranın təqdim etdiyi din həqiqətən də insanlıq dəyərlərinə qarşı olan bir anlayışla həyata keçirildi. Burada olan terror, insan qətliamı heç yerdə baş vermədi, insanların azadlıqları məhdudlaşdı. Bu baxımdan da bu düşüncə xeyli insanı artıq real həyatda İran təsirindən uzaqlaşdırdı.

- Məlum olduğu kimi, “yumşaq güc”dən istifadə edən İran Azərbaycanda “beyin yuyulması”na məruz qalmış bəlli kütləni, asanlıqla manipulyasiya edə biləcəyi gəncləri, sosial cəhətdən həssas olan zümrənin bəzi üzvlərini və dini fanatikləri öz agentləri və təsir dairəsində olan din xadimləri vasitəsilə yalan vədlər, din həmrəyliyi pərdəsi, bəzi hallarda isə pul və şantaj qarşılığında “beşinci kolon” kimi hazırlayıb. Azərbaycanın bu yöndə atdığı bəlli təmizləyici addımlardan sonra vəziyyət nə yerdədir?

- Bu yumşaq güc siyasəti, təbii ki, bizə hansısa bir təsir edə biləcək imkana sahib deyil. Beyinləri yumaq, cahil insanları müəyyən dərəcədə öz caynağında saxlamaq üçün təkcə Azərbaycan plasdarm olaraq seçilmədi, həmçinin Gürcüstanda olan azərbaycanlılar seçildi. Bunun da hamısı təhsil anlayışımızda olan geriləmə ilə bağlı idi. Savadsız insanlar İranın əsas yeminə çevrilir. Hansı savadlı, ləyaqətli insan İran kimi bir dini təhrif etmiş bir zehniyyətin dalınca gedər? Bu, ancaq savadsızlıqla bağlı bir məsələdir və biz özümüz də təhsili artırmaqla, inkişaf etdirməklə nail ola bilərik. Din pərdəsi altında baş verənləri də vaxtaşırı ifşa eləməliyik ki, bu məsələlər Azərbaycan üçün bəlli bir təhlükəyə çevrilməsin. Çünki gerçəkdən daxildə bu təhlükənin simptomlarını daşıyan yetərincə insanlar mövcuddur və biz buna qarşı öz mövqeyimizi ortaya qoymalıyıq.

- 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumdan sonra cinayətkar əməllərin sonuncu dalğası martın 28-də sizə - deputat Fazil Mustafaya qarşı törədildi. İran casus şəbəkəsi, terrorçuları bununla nəyə nail ola bildilər?

- İran casus şəbəkəsi, terrorçuları bununla heç nəyə nail ola bilmədilər. Səfirliyə hücum, bizə qarşı atılan addımlarda özlərini ifşa etdilər. Terrorçunun bütövlükdə bütün addımları ancaq həmin ölkənin mahiyyətinin açılmasına xidmət eliyir. Biz öz dövlətimizin maraqlarını qorumağa bundan sonra da qətiyyətlə davam edəcəyik. Hər hansı belə bir təhdidlərin qorxusu da bizim üçün yoxdur, heç vaxt olmayacaq. Dünyada onsuz da hər kəs üçün ölüm var, amma bizim üçün, birinci növbədə, Azərbaycan dövlətinin varlığı əsas məsələdir. Bu baxımdan da onların nail olduğu sadəcə özlərinin ifşasıdır. Yaxın Şərqdə də bədbəxt etdiyi Fələstin, Livan, Yəmən, İraq, Suriya kimi ölkələr var, hamısında da fiaskoya uğradılar. Azərbaycanda da fiaskoya uğrayacaqlar. Ona görə də indidən dostluq, qardaşlıq, qonşuluq münasibətlərinə keçməsi onların özlərinə də faydası olar.

- İran Azərbaycanı hədəfə alan çıxışları ilə regionda nəyə nail olmağa çalışır və geosiyasi durum bu ölkənin hansı vəziyyətdə olduğunu göstərir?

- İranın bütövlükdə Azərbaycanı hədəfə alan çıxışları, əslində, özünün təcrid vəziyyətində olmasından qaynaqlanır. İndi daha çox özünə qapanıb. Ona görə də özünə bir zəif bənd axtarır ki, onun üzərinə yönəltsin. Azərbaycan qətiyyən zəif bənd deyil və istənilən qüvvənin qarşısında öz iradəsini göstərəcək qüdrətə sahibdir. Azərbaycan İrana daha çox kömək edə bilər. Qonşu ölkə kimi onunla birlikdə bir sıra məsələlərin, layihələrin, iqtisadi xarakterli addımların atılmasında müəyyən işlərin görülməsi mümkündür.

İranın Azərbaycanda, regionda güclənməsinin qarşısını almaq üçün əlində heç bir ciddi rıçağı yoxdur, bir Ermənistana dəstək verməkdən başqa. Ermənistana da verdiyi dəstək önəmli olsaydı, Azərbaycan Ermənistanı məğlub eləməzdi. Əgər biz məğlub eləmişiksə, deməli məsələ tamamilə başqadır, bu yolu izləmək tamamilə yanlışdır.

 

Избранный
15
hafta.az

1Источники