Keçmiş məcburi köçkün Günel Həsənovanın uğur yolu
O, ucsuz-bucaqsız xarabalıqlar içərisində son ümid istinadgahı kimi ucalan yarıuçuq məscidin minarəsinə qalxaraq dünyaya göz açdığı doğma şəhərinin viranə halına baxarkən bir andaca ürəyində baş qaldıran qarışıq duyğuların əsirinə çevrilmişdi. Gah talan edilmiş yurdunun kədərinə bürünmüş, gah da onilliklərdən sonra vətənlə görüşün sevinc hisslərindən doğan göz yaşlarının gilələnərək bir-birinin ardınca torpağa qovuşmaq üçün can atmasını seyr etmişdi…
Bu uca məqamda – Ağdam Cümə Məscidinin minarəsində əl açıb Tanrıya dualar etmiş, “mən qayıtdım, doğma vətən”, – deyə hıçqırıqlara boğulmuşdu…
Bu müqəddəs ünvanda Vətənin ətirli havasını sinəsinə çəkdikcə qəribə rahatlıq, xoşbəxtlik hiss etmiş, bir neçə dəqiqə əvvələ qədər gözlərinin qarşısında sadəcə daş qalaqlarından ibarət olan Ağdam sanki dirçəlmiş, əvvəlki bəxtiyar diyara çevrilmişdi…
O an ona elə gəlmişdi ki, nə ev-eşikləri dağıdılıb, nə el-obası yurdundan pərən-pərən düşüb, nə də məcburi köçkünlük həyatı yaşayıb. O özü də elə 27 ilin o üzündəki kiçik qızcığazdır və qardaşı ilə birlikdə həmişəki kimi Ağdamda evlərinin yerləşdiyi Füzuli küçəsində qaçdı-tutdu oynayır, gülüş səsləri aləmi başına götürür…
Arzular gerçək olanda…
“Vətən müharibəsi bitəndən az sonra bir ictimai təşəbbüs çərçivəsində əsgərlərimizə sovqat aparmaq üçün Ağdama yollandım. İllərdən sonra doğma şəhərimi dağıdılmış halda görəndə elə sarsıldım ki, xeyli müddət özümə gələ bilmədim. Düzdür, əvvəldən bilirdim ki, məni Ağdamda hansı ürəkdağlayan mənzərə gözləyir. Hətta özümü buna hazırlamışdım da… Amma gözlə görmək, bu vandallığa şahidlik etmək tamam başqa hissdir. İndiyə qədər də həmin an yaşadıqlarımı ifadə etməyə çətinlik çəkirəm. Qəzəb, nisgil, həsrət, sevinc, qayıdış xoşbəxtliyi… elə bil hamısını bir anda yaşadım… Sadəcə məni toxtadan yenidən Ağdama dönməyimiz, bundan sonra bu torpaqda əbədi var olacağımızla bağlı fikirlər idi…”
“Uğur formulu” rubrikamızın budəfəki qonağı “Balakhani Operating Company LTD” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İdarə Heyətinin üzvü Günel Həsənovadır. Cəmi 7 yaşı olarkən müharibənin qorxulu üzü ilə tanış olan və doğulduğu yurddan didərgin düşən Günel Həsənovanın da həyat yolu bütün keçmiş məcburi köçkün uşaqlarında olduğu kimi, çətinliklərlə müşayiət olunub. Amma hələ uşaq yaşlarından qarşısına qoyduğu hədəflərə nail olmaq üçün nümayiş etdirdiyi səbir, dözüm, iradə və mübarizə əzmi ilə qarşısına qoyduğu bütün arzularını gerçəyə çevirməyə müvəffəq olub. Təhsil, karyera pillələrində uğurla ucalmağı bacaran Günel Həsənova deyir ki, özü üçün müəyyənləşdirdiyi ən böyük hədəfi layiqli vətəndaş olaraq xalqına xidmət etməkdən ibarətdir.
İllərin sınağı
1986-cı il dekabrın 16-da Ağdamda dünyaya göz açan Günel Həsənovanın ata tərəfi Naxçıvandan, ana tərəfi isə Cənubi Azərbaycanın Təbriz və Ərdəbil şəhərlərindən Ağdama köç edən ailədən olub. Babası Yusif Əliyev uzun müddət Ağdamda cənubi azərbaycanlılarla bağlı bir qurumun sədri işləyib. Mətləb adlı atasını erkən yaşda itirən Günel Həsənova tibb bacısı işləyən anası Bətul xanımın və özündən böyük qardaşı Qalibin himayəsində böyüyüb. Ağdamda ömrünün cəmi 7 ilini keçirsə də, Günel xanım danışır ki, orada bu gün də gözlərinin önündən kino lenti kimi ötən gözəl uşaqlıq illəri keçib:
– Müharibə dövrü də heç zaman xatirimdən çıxmır. Qardaşımla birgə həmişə küçəmizdə oyun oynayardıq. O zamanların birində qonşuların danışığından eşitdik ki, ermənilər Qarqarçay tərəfdən hücum edib şəhərə girmək istəyirlər. Bir gün isə başımızın üstündən mərmilərin keçdiyini gördük. O qədər qorxduq ki…
Vəziyyət getdikcə təhlükəli hal aldığı üçün qadın və uşaqları şəhərdən çıxarmağa başlamışdılar. Dayımgil ilk öncə nənəm və məni Gəncədə yaşayan xalamgilə göndərdilər. Anam tibb işçisi olduğuna görə könüllü olaraq Ağdamda qalmışdı. Eyni zamanda dayılarım, xalam oğlanları düşmənlə vuruşurdular…
İşğaldan sonra bir müddət Gəncədə xalamgildə qaldıq, sonra isə özümüzə daimi bir ev alaraq yaşamağa başladıq.
Anam (O, 1993-cü ildən bu günədək Gəncədə “N” saylı hərbi qospitalda tibb işçisi kimi çalışır) qardaşımla məni çox çətinliklərlə böyütdü. Yemədi yedizdirdi, geyinmədi geyindirdi ki, biz korluq çəkməyək. Onun qarşısındakı ən böyük iş bizə yaxşı təhsil vermək idi. Qardaşım illərdir Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Qazidir, 5 rayonumuzun işğaldan azad edilməsində iştirak edib, buna görə medallarla təltif olunub. Hazırda hərbidə xidmətdədir. Belə bir vətənpərvər ailənin övladı olaraq böyümüşəm.
Birinci sinfə Gəncədə o vaxt 9 illik 2 nömrəli internat məktəbinə (indi 2 nömrəli riyaziyyat, ingilis dili təmayüllü məktəb) getdim. Amma həmin internat məktəbinin yataqxanasında keçmiş məcburi köçkünlər məskunlaşdığı üçün normal məktəb kimi fəaliyyət göstərirdi. Demək olar ki, bütün fənlərə olan sevgimi mənə başda Almaz Rəfibəyli olmaqla həmin məktəbin dəyərli müəllimləri aşılayıblar. 10-11-ci sinifləri isə Nadir Hüseynov adına orta məktəbdə oxumuşam.
Sonra Türkiyənin Anadolu Universitetində Biznesin idarə edilməsi bölümünə qəbul olaraq təhsil almağa başladım. Bu bölüm çoxşaxəli olduğu üçün marağım olan bir çox sahədə də çalışa biləcəkdim. Tələbəlik həyatımda müəyyən maddi çətinliklərim var idi. Ona görə də çalışırdım ki, həm oxuyum, həm də işləyib qazanım, ailəmə çox yük olmayım. Müəyyən tərcümələr edirdim, piar işləri görürdüm.
Özünəinamın gücü
– 2003-2006-cı illər ərzində Tovuzda fəaliyyət göstərən “SİMURQ” TV kanalında regional müxbir kimi fəaliyyət göstərməyə başladım. 2009-cu ilə kimi isə Gəncənin “Kəpəz” kanalında xəbər aparıcısı olaraq çalışmışam və ilk dəfə olaraq həmin kanalda canlı efirə mən çıxmışam. 2012-ci ildən isə Dünya Bankının Azərbaycan nümayəndəliyində peşə standartlarının hazırlanması prosesində kommunikasiya mütəxəssisi kimi fəaliyyət göstərdim. O dövrdə daha perspektivli olması üçün ölkədə fəaliyyət göstərən 4-5 mindən artıq şirkəti bu layihəyə cəlb etdim. Apardığım qarşılıqlı əməkdaşlıq layihəmizə böyük təkan verdi.
Müharibə keçmiş məcburi köçkünlərin həyatından çox şeyləri aldı, xüsusilə də uşaqların. Uşaqlığımızı yaşaya bilmədik. Aclıqla, yoxluqla savaşan, qan-qadanı yaxından hiss edən müharibə uşaqları yaş baxımından yox, mənəvi baxımdan daha tez böyüyürlər. Mən də həmin tez böyüyən uşaqlardan biri oldum. Amma o travmalara, nələrisə yaşaya bilməməyimizə, hansısa yoxluqlara görə – həm öz, həm də ətrafımda tanıdığım xeyli sayda məcburi köçkün həyatı yaşamış gənclərin adına deyirəm ki, biz içimizdəki o məsumiyyəti, o sevgini itirmədik. Bəzən müharibə insanları daha da qəddar edir, amma çox sevinirəm ki, bizim içimizdə müharibə qəddarlıq toxumunu əkmədi. Daha çox mübarizə, əzm, iradə, səbir toxumunu əkdi. Bu missiya ilə yaşadıq, mübarizə hissləri ilə özümüzü böyütdük.
Bu gün də ətrafımda çadırlarda, vaqonlarda böyümüş və müxtəlif sahələrdə çalışan keçmiş məcburi köçkün gənclər var. Onlar hərəsi öz sahələrində ən öndə gedənlərdəndirlər. Buna görə hər zaman qürurla deyirəm ki, biz müharibə uşaqları böyüyüb Azərbaycanın mübariz gəncləri olduq. Bütün sahələrdə vətənimizin mənafeyi üçün səylə çalışdıq. Bu sahədə Azərbaycanın qalibiyyətlərində zərrə də olsa, payımız oldu.
Məqsədim var ki, Amerikaya gedib sırf media və kommunikasiya istiqamətində akademik təhsilimi davam etdirim. Sonra isə ölkəmə qayıdıb bilik və təcrübəmi burada həyata keçirim, xüsusilə doğulduğum Ağdam rayonunda. Ümumiyyətlə, bilik, bacarıq və təcrübələrimi hər zaman gənclərlə bölüşməyi özümə mənəvi borc bilirəm. Müharibə uşağı olaraq vaxtilə yaşadığım çətinlikləri indiki gənclərin yaşamasını istəmirəm.
Bu, həyatın dolanbac yollarından keçərək uğur zirvəsinə ucalan ağdamlı keçmiş məcburi köçkün Günel Həsənovanın ömür yoluna qısa baxış idi. Taleyini özü seçməsə də, cəmi 7 yaşındaykən doğma yurdundan didərgin düşməyin ağrı-acılı hisslərini yaşasa da, qarşısına çıxan çətin sədlərdən əzmlə aşaraq uğur hekayəsini özü yazmağı bacarmışdı.