Fransanın “Renn” klubunun mərkəz hücumçusu Amin Quiri bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Marsel klubunun rəsmi saytına istinadən xəbər verir.
“Olimpik” bu transferi 19 milyon avroya rəsmiləşdirib. 24 yaşlı futbolçu yeni klubu ilə müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Amin Quiri Lion “Olimpik”inin yetirməsidir. O, 2020-ci ildə 7 milyon avro müqabilində “Nitsa”ya keçib. 2022-ci ilin sentyabrında isə “Nitsa” onu 28 milyon avro qarşılığında “Renn”ə satıb. Quiri “Renn”in heyətində meydana çıxdığı 103 oyunda 31 qol vurub, 26 məhsuldar ötürmə müəllifi olub.
Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Amin, 2023-cü ilin oktyabr ayından Əlcəzair millisində forma geyinməyə başlayıb. O, bu ölkənin yığmasında 12 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Marsel “Olimpik”ində iki ayrılıq da yaşanıb. Sözügedən klub qapıçısı Pau Lopesi “Toluka”ya icarəyə verib. Meksika klubu 30 yaşlı ispan qolkiperi bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
“Jirona” və “Espanyol”un yetirməsi olan Pau Lopes karyerası ərzində “Tottenhem”, “Betis”, “Roma”, “Jirona” kimi klublarda da çıxış edib. 2021-ci ildən Marsel “Olimpik”ində olan qapıçı burada 127 oyuna 151 qol buraxıb, 35 matçda qapısını toxunulmaz saxlayıb. O, İspaniya millisində də 2 oyun keçirib.
“Olimpik”in sol cinah müdafiəçisi Emran Soqlo isə Avstriyanın “Şturm Qras” klubuna keçib. Transferin detalları və 19 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti açıqlanmır.
“Çelsi”nin də futbol akademiyasından keçmiş Emran Soqlo 2022-ci ildən Marsel klubunda idi. O, Liqa 1 nəhənginin heyətində 9 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Soqlo İngiltərənin U-15, U-17 və U-20 yığmalarında da oynayıb.
“Renn”də daha bir ayrılıq və yeni futbolçu
Amin Quirini Marsel “Olimpik”inə satmış “Renn” də heyətinə yeni futbolçu cəlb edib. Sözügedən klub keçmiş mərkəz müdafiəçisi Lilian Brassyeni heyətinə qatıb. “Renn” onu “Brest”dən bu mövsümün sonunadək icarəyə götürüb.
Lilian Brassye “Renn”in yetirməsiir. O, “Valensyen” və “Olimpik” (Marsel) kimi klublarda da çıxış edib. “Renn”in əsas komandasında debüt şansı qazanmamış 25 yaşlı futbolçu Fransanın U-19 və U-20 yığmalarında da oynayıb.
“Renn”in mərkəz yarımmüdafiəçisi Qlen Kamara da Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna keçib. Sözügedən klub 29 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Qlen Kamara London “Arsenal”ının yetirməsidir. “Sautend Yunayted”, “Kolçester Yunayted”, “Dandi Yunayted”, “Reyncers”, “Lids Yunayted” kimi klublarda da çıxış etmiş yarımmüdafiəçi “Renn”ə 2024-cü ilin yayında 10 milyon avro müqabilində köçmüşdü. O, Liqa 1 təmsilçisinin heyətində 13 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Finlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Kamara, 2017-ci ildən formasını geyindiyi əsas millidə 65 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.