Bakının məşhur "Keşlə bazarı"nda söküntü işlərinə başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, layihənin əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metrostansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metrostansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq. Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metrostansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metrostansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildrib ki, tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb, tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri də yerinə yetirilib.
Qeyd edək ki, bazarda ticarətlə məşğul olan sahibkarlar Dərnəgüldə salınan yeni "Keşlə bazarı"nda fəaliyyət göstərirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.